"Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bildirib, lakin ABŞ bu varianta qarşı çıxır".
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov "India Today"ə müsahibəsində danışıb.
"Bu, əslində, yeni təşəbbüs deyil. Prezident Vladimir Putin bu təklifi kifayət qədər əvvəl irəli sürüb və bildirib ki, Rusiya zənginləşdirilmiş uranı öz ərazisində qəbul etməyə hazırdır. Bu, həqiqətən də çox yaxşı həll yolu ola bilərdi. Lakin təəssüf ki, Amerika tərəfi bu təklifi rədd edib və o, hazırda danışıqlar masasının üzərində deyil. Baxmayaraq ki, Prezident Vladimir Putin bu təşəbbüsə qayıtmağa hazırdır", - deyə o bildirib.
Dmitri Peskov əlavə edib ki, İran da belə bir varianta razı olub, lakin ABŞ-nin öz tələbləri və maraqları var.
"Məsələ bütün iştirakçı tərəflərin tələblərini və maraqlarını birləşdirərək razılaşmaya nail olmaq, Vaşinqtonun dediyi kimi, sövdələşmə bağlamaqdır", - deyə Kreml nümayəndəsi yekunlaşdırıb.