
Moderator.az xəbər verir ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Müraciət ictimai birlik tərəfindən BMT-nin İnsan Haqları Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərinə, BMT Baş katibinin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsinə, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoruna, Beynəlxalq Sülh Bürosuna və həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə göndərilib.
Müraciətdə deyilir ki, Birinci Qarabağ Müharibəsi zamanı, ərazilərimizi işğal edən zaman separatçı və işğalçı Ermənistan dövləti qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq xalqımıza humanitar fəlakətin ən ağır faktoru olan əsir, girov, itkin problemini yaşadıb. Təbii ki, bu fəlakətdən də ən çox əziyyət çəkən işğal olunmuş ərazilərin sakinləri, xüsusilə də azyaşlılar olub. Bəzilərinin valideynləri, bəzilərinin özləri itkin düşüb. Bəziləri isə girov götürülüb, gözlərinin qabağında valideynlərinə, bacı-qardaşlarına, qohumlarına olmazın işgəncələr verilib, vəhşiliklə qətlə yetirilib, qəbul olunmuş beynəlxalq hüquq normalarına zidd olaraq olmazın işgəncələrə, qeyri-insani rəftara məruz qaldıqdan sonra azad edilib. Girovluqdan azad edilmiş azyaşlılar indiyə kimi psixoloji gərginlik, mənəvi iztirablar içində yaşamaq məcburiyyətində qalıblar.
Silahlı münaqişələr zamanı mülki əhalinin, o cümlədən uşaqların hüquqi vəziyyəti 1907-ci il tarixli Quru müharibələrinin adət və qanunları haqqında Haaqa Konvensiyası, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və 1977-ci il 8 iyun tarixli Cenevrə Konvensiyalarına I və II Əlavə Protokollarda müəyyən edilir.
Beləliklə, Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş 3890 nəfər Azərbaycan vətəndaşından 71 nəfəri uşaq olub.
Şahid ifadələrinə əsasən əsir və girov götürülmüş, 872 nəfər Azərbaycan vətəndaşından 29 nəfərini uşaqlar təşkil edir.
Bu günə qədər erməni girovluğundan azad edilmiş 1480 nəfərdən 224 nəfəri uşaqdır.
Erməni əsir-girovluğundan azad edilmiş şəxslərin şahidliyinə əsasən, bu günə kimi 29 nəfər uşaq girovluqda saxalanır.Təbii ki, onlar artıq uşaq deyillər.
Girovların ən kiçiyi götürülən zaman 3 aylıq Xocalı sakini olub.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi müraciəti ünvanladığı beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, dünyanın bir çox dövlətlərində uşaqlar üçün bayramlar, şənliklər təşkilm olunduğu bir vaxtda işğalçı Ermənistandan itkin düşmüş hesab olunan və şahid ifadələrinə əsasən girov götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan azyaşlıların talelərinə aydınlıq gətirməyə tələb etməyə çağırır.
P.S.Qeyd edək ki, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi uzun illərdir ki, əsir və girovların problemləri ilə bağlı aktiv və səmərəli iş aparmaqda, bu istiqamətdə mühüm layihələrə, ciddi uğurlara imza atmaqdadır.
Seymur ƏLİYEV





























