Azərbaycanın Rusiyanı kənd təsərrüfatı məhsulları ilə təmin etməklə bağlı üzərinə götürdüyü öhdəlik ictimai rəydə birmənalı qarşılanmış deyil. Vətəndaşların bir çoxu hesab edir ki, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı daxili bazarda bu məhsulların qiymətinin artmasına səbəb olacaq ki, bu da alıcılıq qabiliyyəti onsuz da aşağı olan vətəndaşlar üçün ciddi problem deməkdir.
Moderator.az-a
açıqlamasında məsələyə münasibət bildirən tanınmış iqtisadçı ekspert Məhəmməd
Talıblı baş verənlərin qiymət artımına səbəb olacağını vurğulamaqla yanaşı,
Rusiya ilə məlum münasibətlərin siyasi baxımdan da ölkəmizə başucalığı gətirmədiyini
qeyd etdi:
“Mən
bu məsələyə iki aspektdən yanaşmaq istərdim. Birincisi, bilirsiniz ki, ölkədə kənd
təsərrüfatı məhsullarının istehsal tempi və çox da münasib olmayan iqlimin təsiri
nəticəsində onsuz da ciddi artımlar baş verməyib. Bu zaman isə daxili ehtiyacları ödəmək çətinliyi ilə üz-üzə qalan aqrar
sektor əlavə olaraq ixracata daha çox meyllənəcək. Bu isə o deməkdir ki, payız
və qış aylarında məcmu tələb artacaq və əvvəlki ilin analoji dövrü ilə müqayisədə
kənd təsərrüfatı məhsullarında qiymət artımı baş verəcək. Rusiyaya ixrac olunan
kənd təsərrüfatı məhsulları bu gərginliyi daha da şiddətləndirəcək.
İkincisi, isə bu o deməkdir ki, Azərbaycan geopoltik və
qlobal tendensiyalar baxımından özünü dünyanın mütərəqqi kəsiminə qarşı qoyur.
Bilirsiz ki, Rusiyaya qarşı sanksiyalarda birləşən ABŞ və Aİ-ə qarşı Azərbaycan
əslində özünü sipər kimi ortaya qoyur. Aİ-dan kənd təsərrüfatı məhsullarının
idxalına embarqo qoyan Rusiyanın yanında olmağı ifadə edərək, Rusiyanın bu məhsullara
ehtiyacını təmin etmək öhdəliyini üzərinə götürür. Bu isə o deməkdir ki,
Rusiyaya qarşı olan sanksiyaları və riskləri Azərbaycan bölüşür. İranla da
analoji mütəffiqlik münasibətlərini ifadə edib. Geopolitik baxımdan bu o deməkdir
ki, Azərbaycan ABŞ-Avropa ittifaqı siyasi xəttini yox, Rusiya-İran xəttini
müdafiə edir. Bu isə ölkəmizin strateji maraqları və demokratik dəyərlərə
münasibət baxımından səhv yanaşmadır”.
Seymur
Əliyev