Bu gün İrəvan Türk Cümhuriyyətinin elan olunmasının 2-ci ili tamam olur. İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, Erciyes Üniversitetinin professoru Qafar Çaxmaqlı bununla bağlı Moderator.az-a açıqlama verib:
“Öncə Bütün İTC mənsublarını, bu milli ideyaya dəstək verən xalqımızı təbrik edirəm. Ortaya çıxdığı ilk gündən İRəvan Türk Cümhuriyyəti işğal altında olan Vətənimizin azadlığı uğrunda qətiyyətli mübarizə ortaya qoymuşdur. İndi adına Ermənistan deyilən ərazilər bizim tarixi torpaqlarımızdır. Bu torpaqlarda minillərlə ölçülən milli-mədəni sərvətimiz yatır, tarixi bir ədalətsizlik nəticəsində burada yaranan erməni dövləti xalqımızı öz dədə-baba torpaqlarından qovub çıxarmağa nail olsa da, milli-mədəni sərvətlərimizin izini yox etməyə çalışsa da, insanlarımızın qəlbindən Vətən sevgisini çıxara bilməmişdir. Qərbi Azərbaycan kökənli insanlarımızın böyük əksəriyyəti öz tarixi vətənlərinə qayıtmaq arzusu ilə İTC-nin ortaya qoyduğu ideya ətrafında birləşmiş və siyasi-hüquqi mücadilə verməkdədirlər. Bu iki il içərisində İTC təşkilatnamış, dövlət strukturları formalaşmış, o mobil bir qüvvəyə çevrilmişdir. Hədəfimiz bəllidir: öz torpaqlarımızı düşməndən azad etmək və Qərbi Azərbaycanı Türk yurduna çevirmək. Qarşımıza çıxan maneələri dəf etmək, bütün çətinliklərdən çəkinmədən bu yolla yürüməkdəyik. İki il tarix üçün qısa zamandır, amma biz sevinirik ki, bu müddətdə İTC ideyasını cəmiyyətimizə qəbul elətdirə bilmişik. Qərbi Azərbaycan ərazilərində xalqımızın dövlətçilik ənənələrinə söykənərək gec-tez bu torpaqlarda biz dövlətimizi bərpa edəcəyik. Gün gələcək İTC-nin bayrağı paytaxtımız İrəvanda dalğalanacaqdır”.