Məlumat üçün bildirək ki, 06 may 2014-cü il tarixdə “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu məhkəmə prosesi keçirilmişdi. “NİDA”-çı gənclərə mənəvi dəstək məqsədi ilə adı çəkilən məhkəmənin önünə ölkənin ictimai-siyasi təşkilatlarının bir qrup üzvləri və gənc fəallar toplaşmışdı. “NİDA”-çı gənclərə ağır məhkəmə hökmlərinin verilməsini eşidən ictimai-siyasi fəallar məhkəmənin önündə ədalətsiz və siyasi sifarişli məhkəmənin hökmlərinə etiraz əlaməti olaraq aksiya keçirmişdilər. Ərazidə olan polis qüvvələri aksiya iştirakçılarına hücum edərək, onları döymüş və zorakılıqla aksiya dağıdılmışdı. Onlarla aksiya iştirakçısı polis əməkdaşları tərəfindən amansızcasına döyülmüş, saxlanılaraq polis idarəsinə aparılmış, orada da işgəncələrə məruz qalmış, daha sonra saxta məhkəmə qərarları ilə inzibati qaydada həbs olunmuşdular.
Həmin
aksiyada digər müxalifət partiyaları ilə yanaşı ADP-çilər də iştirak etmişdi.
Aksiyada iştirak edən ADP-çilərdən ADP Nəsimi RT-nın gənclərlə iş üzrə sədr
müavini Əfrasiyab Məmmədov polis zorakılığına məruz qalan və inzibati qaydada həbs
olunanlar arasında idi. O, 25 gün inzibati qaydada həbs olunmuşdu. Azadlığa
çıxdıqdan sonra həbsdə olduğu müddət ərzində ona qarşı edilən zorakılıqlar, işgəncələr
və qeyri-insani rəftarla bağlı Ombudsman Aparatına müraciət etmiş, bu
qanunsuzluqların araşdırılmasını xahiş edib. Verilən məlumata görə ADP-çi gəncin
Ombudsman Aparatına etdiyi müraciət nəinki araşdırılmayıb, hətta 12 iyun
tarixində polis idarəsinə çağırılaraq etdiyi şikayətə görə təqib və təzyiqlərə
məruz qalıb.
Paradoksal
haldır ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini ölkədə
siyasi təqiblərə son qoymağa, siyasi məhbusları azadlığa buraxmağa çağırdığı
bir ərəfədə Azərbaycan hakimiyyəti müxalifət düşərgəsinə qarşı repressiv siyasətini
daha da gücləndirir. Baş verənlər bir daha onu göstərir ki, bu hakimiyyət islah
olunan və müxalifət düşərgəsinə qarşı olan aqressiv siyasətini dəyişmək fikrində
deyil.