“Texnikabank” işi üzrə məhkum olunmuş şəxslər Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüblər. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib. Sözügedən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə təqsirli biliniblər və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7-8 il müddətinə azadlıqdan məhrum ediliblər. Qərardan apellyasiya şikayəti verilib. Apellyasiya baxışı 2014-cü il aprelin 3-də yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi “Texnikabank”ın İdarə Heyətinin sabiq sədri Samir Hüseynovun cəzasını 8 illik həbsdən 4 ilə endirilib, eyni zamanda bu cəza 1 il sınaq müddəti tətbiq olunmaqla şərti cəza ilə əvəzlənib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkum olunmuş digər beş nəfərin cəzası isə dəyişdirilmədən qüvvədə saxlanıb. Həmin beş nəfərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qayını, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovdur. O , 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Aprelin 24-də “Media forum” saytına açıqlamasında vəkil Fəxrəddin Mehdiyev deyib ki, Elnur Seyidov 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb: “Hələlik Elnur Seyidovla görüşə bilməmişəm. Ona görə də onun saxlanma şəraiti, səhhəti haqda məlumatım yoxdur. Yalnız onu bilirəm ki, sabiq səhiyyə naziri Əli İnsanov da 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Elnur Seyidovla görüşməyim üçün Penitensiar Xidmətin razılığı olmalıdır. Penitensiar Xidmətə müraciət etmişəm, razılıq veriləndən sonra görüşəcəm”.