Ermənistandakı rus hərbi bazasında Rusiyaya məxsus “Navodçik-2” pilotsuz təyyarəsinin sınaqdan keçirilməsi Azərbycan ictimai rəyində fərqli fikirlərə yol açıb. Belə ki, insanların bir çoxu baş verənləri sıradan hərbi sınaqlardan biri kimi dəyərləndirsə də, bəzi siyasilər bunu Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirməkdədir. Onların fikrincə, Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşdiyi bir zamanda Rusiya təyyarəsinin Ermənistanda sınaqdan keçirilməsi Kremlin rəsmi Bakıya xəbərdarlığıdır.
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, baş verənlər Azərbaycana təzyiqdən daha çox, Ermənistanı təsəlli etməyə xidmət edir:
“Bu olayın Azərbayacan əzəli nümayişi ilə əlaqəsi yoxdur. Bu, əsəbləri sarsılmış, vahimələnən Ermənistan hakimiyyətini təsəlli etmək üçündür. Azərbaycan hakimiyyətini isə heç bir ismarıc ünvanlamaq lazım deyil. Azərbaycan və Rusiya rəhbərliyi arasında səmimi razılıq var ki, rəsmi Bakı Ermənistana qarşı heç bir addım atmayacaq. Azərbaycan sadəcə pul xərcləmək naminə silahlanır. Bu isə erməniləri təlaşa salır. Onları sakitləşdirmək üçün Rusiya arada bir hansısa pilotsuz təyyarə və ya bir raket gətirib bu ölkəyə qoyur və deyir ki, uşaqlar qorxmayın, biz sizin dalınızda durmuşuq. Möhkəm durun və bölgəni nəzarətdə saxlamaqda bizə kömək edin”.
Seymur Əliyev