Bu gün Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Ramiz Mehdiyevin vida çıxışı səmimiyyətdən hədsiz uzaqlığı bir yana, ikrah doğurdu.
Onun Prezident Administrasiyası rəhbəri kimi ölkəyə etdiyi pislikləri bir kənara qoysaq AMEA rəhbərliyinə gəldiyi gündən Azərbaycan elminə tutduğu divanın fəsadları hələ neçə onilliklər öz dağıdıcı təsirlərini göstərəcək. Onun bu günki çıxışında dediyi “Ulu öndər Heydər Əliyevin vaxtında bəyan etdiyi kimi, Akademiyanı qoruyub saxlamaq və daha da inkişaf etdirmək lazımdır” fikirləri isə hədsizliyin zirvəsi və Gebbels faşizminin ağ yalan meyvəsi hesab oluna bilər.
Azərbaycan elminin gerçək qəbirqazanının qısa zamanda vurduğu sarsıdıcı zərbənin təkcə birini xatırlatmaq kifayətdir. Hələ bir neçə il əvvəl Akif Əlizadənin zamanında məhz prezident İlham Əliyev AMEA-nın yubileyinə şəxsən təşrif buyurmuşdu və o, çıxışında AMEA-da gəncləşmə siyasəti aparılmasının zəruriliyi barədə tapşırıq vermişdi. O zaman məhz Akif Əlizadənin xoşməramlı fəaliyyəti nəticəsində prezident İlham Əliyevin bu tapşırığına dərhal reaksiya verildi və AMEA - nın müxbir üzvlüyünə stimullaşdırmaq üçün "AMEA-nın professoru" adlı yeni pillə yaradıldı. Qısa zamanda şəffaf keçirilən imtahanlarla gənc professorlar seçildi.
Amma elə ki, Ramiz Ənvərovuiç AMEA dəhlizlərində peyda oldu, kreslosuna oturmamış AMEA-nın verdiyi diplomları ləğv elədi, həmin professorların ayağını o qocaman elm məbədinin kandarından kəsdi. İndi bu adam ar-həya etmədən Azərbaycan elminin inkişafına yenə də töhfə verəcəyindən dəm vurur. Onun Azərbaycan elminə verə biləcəyi töhfə ancaq bir ibrətamiz rəvayətdə deyildiyi Əzrayılın uşaq paylamasına bənzəyir. Allah eşqinə, kimsəyə onun elmindən töhfə gərək deyil, Azərbaycan elmini bundan sonra öz mənfur düşüncələri ilə çirkləndirməsin, yetər...