"Evlərimizi bu dəfə əvvəlkindən daha böyük tikəcəyik. Bizimlə yanaşı Kəlbəcərə tək kəlbəcərlilər yox, milyonlarla azərbaycanlı qayıdacaq. Ali Baş Komandana, Azərbaycan ordusuna, hər bir azərbaycanlıya, Kəlbəcər ucalıqda minnətdarlığımız var. Bu dünyanın cənnətini bizə nəsib etdiklərinə görə o dünyanın cənnətində uyuyan şəhidlərimizə sonsuza qədər borcluyuq".
Bu sözləri tanınmış aparıcı Orxan Cabbarlı Moderator.az-a açıqlamasında Kəlbəcərin işğaldan azad olunmasının bir illiyi ilə bağlı danışarkən bildirib:
"Elə bir kəlbəcərli yoxdur ki, səhərlər yuxudan duranda "Bu gecə Kəlbəcəri yuxuda görmüşəm" deməsin.
Görürəm yazıq nənəm sağdı, dağa çıxmışıq, atam ot biçinindədir, birdən bərk dolu yağır, sel gəldi, quzuları bilmirəm hara yığım və.s bu kimi məzmunda yuxularımızın Kəlbəcərdən keçən Kəlbəcərsiz 27 ilini yaşadıq. Hətta yuxuda da adamı çarəsizlik oyadırdı. Mən deyərdim ki, bizə Kəlbəcəri yaddan çıxmağa qoymayan, unutdurmayan ən real hadisələrdən biri elə yuxularımız idi. Yuxularda kəndi həmişə yerində gördük. Dağı, daşı, yolu, meşəsi, çayı, yaylağı heç vaxt dəyişmədi. İndi isə yaşadığımız reallıq bizə yuxu kimi gəlir. Qürür, sevinc, ağrını bir arada yaşadığımız 44 günün bizə yaşatdığı qəribə hisslər ömrümüzün axırına qədər bizimlə birlikdədir. Yenidən kəndə qayıdacağıq, danışan daşları ətrafa səpələnən dağılmış isti ocaqlarımızı yenidən tikəcəyik. Bir dəfə demişəm, yenə də təkrar edirəm. Evlərimizi bu dəfə əvvəlkindən daha böyük tikəcəyik. Bizimlə yanaşı Kəlbəcərə tək kəlbəcərlilər yox, milyonlarla azərbaycanlı qayıdacaq. Ali Baş Komandana, Azərbaycan ordusuna, hər bir azərbaycanlıya, Kəlbəcər ucalıqda minnətdarlığımız var. Bu dünyanın cənnətini bizə nəsib etdiklərinə görə o dünyanın cənnətində uyuyan şəhidlərimizə sonsuza qədər borcluyuq".
Xəyalə Rəis