Bu dəfə prezidentin ANS Şirkətlər Qrupu tərəfindən “İlin adamı” elan olunmasına münasibətimi izhar etməyə çalışacam.Təbii ki, nə ANS-in 2007-ci ildəki qulaqburmasından sonra dönüb AzTV -2 olmasına “mız” qoyasıyam, nə də ilin adamı olmağa layiq başqa bir namizədim vardı. Mən də düşünürəm ki, dünyanı bir çox davranışlarıyla mat qoymağı və heyrətləndirməyi bacaran adama verilməliydi bu mükafat və verildi də. Ən azından anoloqu olmayan seçkilərə və beynəlxalq birlik tərəfindən “əhsən” cavabı aldığına görə İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyada ilin adamı, belə bir şəffaf seçki keçirən iqtidarımızsa ilin hakimiyyəti ödülünə layiq idi. Sadəcə məni maraqlandıran məsələ İlham Əliyevə ANS Şirkətlər Qrupu tərəfindən verilən hədiyyə- bahalı saatdır. Nədən bu şirkətin başbilənləri özlərini hamıdan ağıllı hesab etsələr də bəzən məsxərə predmetinə çevriləsi davranışlar sərgiləyirlər? Məgər İlham Əliyevə saat qəhətdi, yaxud nə qədər bahalı saat versəniz də onun qolundakı saatın qiymətinin onda birinə dəyərmi heç? Mənə çox ləzzət elədi ki, İlham Əliyev də çox böyük ustalıqla bu saatı hədiyyə kimi düşünənlərin hiylələrini anlayıb belə bir bahalı saatı taxa bilməyəcəyini, onu muzeyə təhvil verəcəyini söylədi. Bunun açması bilirsinizmi nədir, cənablar? Yəni o saat heç vaxt İlham Əliyevin qolunda bərq vurmayacaq və ANS heç vaxt həmin saatı prezidentin qolunda çəkib fotolarını özündənrazı halda dünyaya yaya bilmək sevincini yaşamayacaq. İndi isə həmin saatı görmək istəyənlər ancaq muzeyə baş vuraraq onun toz basmış “pərt sifətini” fotokameranın yaddaşına köçürə biləcəklər...
Ancaq axı başqa cür də ola bilərdi. Axı bilməliydiniz
və bilirdiniz ki, mükafat olaraq prezidentə pul verilsəydi həmin pul xoşməramlı
işlərə sərf oluna bilərdi. Necə ki, ötən dəfə “İlin adamı” olanda prezident həmin
pulu hansısa bir xeyirxah işə xərclənməsi üçün verilməsini tapşırdı. Amma bu dəfə
fərqli taktika seçildi və prezidenti fakt qarşısında qoymaq istədilər,
çoxbilmiş prezidentsə bu hiyləni yemədi, yedirtdi...
Hədiyyənin bahalığına gəldikdə isə hamının bu
həqiqəi bilməsi gərəkdir ki, sabah hansısa ödülpaylayan şirkət prezidentə hətta
qalstuk hədiyyə etmək həvəsinə düşsə, eynilə ANS-çilər kimi pərt olacaq.
Prezident tərəddüd etmədən ya anındaca həmin qalstuku köməkçilərindən və ya tədbir
işirakçılarından birinə hədiyyə edəcək, ya da muzeyə göndərilməsini tapşıracaq.
Çünki sabah kimsə “görürsünüz, prezidentin boynundakı qalstuku filankəs
bağışlayıb” kimi düşük spekulyasiyayla rastlaşmamalıdır. Bu cür incə nüansları
nəzərə almaq lazımdır.
Ancaq mən prezidentə hədiyyə vermək şansı olan
bir fərd və ya şirkətlər qrupunun rəhbəri olsaydım Xankəndinin nəfis şəkildə çəkilmiş
çox böyük bir rəsmini sifariş verərdim, onu gətirib təqdim edərdim, prezident
bu rəsmi muzeyə deyil, elə öz kabinetinə, yaxud da müşavirə otağına asdırardı
ki, hər dəfə həmsədrlərlə və digər beynlxalq səviyyəli diplomatlarla görüşdə həmin
şəkli onların gözünə soxsun...