AXCP sədri Əli Kərimli Qarabağ qazisi Zaur Həsənovun ölümünə münasibət bildirib. AXCP sədrinin facebook səhifəsində yazdığı statusu Moderator.az təqdim edir:
İlin son günlərində rejim maskasını çıxarıb, bir daha xalqımıza həqiqi sifətini göstərdi. Nəinki Qarabağ qazisi Zaur Həsənovu özünü öldürmək həddinə çatdırmış vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb etmədi, əksinə “Qazilərimizi yandırmayın!” şüarı ilə dinc etiraz aksiyası keçirən gənclərimizin özlərini amansızlıqla cəzalandırdı. Cinayətkarların cəzalandırılmasını tələb edən gənclər 300-500 manat cərimə olundular və ya inzibati qaydada 15-18 sutka həbs edildilər.
Ən dəhşətlisi isə o oldu ki, millətin vətənpərvər, ədalətsevər kəsimi rejim qurbanı Qarabağ qazisini son mənzilə yola salarkən, hökumət təmsilçiləri şadyanalıq məclisi təşkil etmişdilər. Səfalət içində yaşayan 1000-lərlə soydaşımızı musiqi sədaları altında prezidentlərinin ad günü şərəfinə hazırlanmış 52 metrlik tortun qırıntılarını bölüşdürməyə səfərbər etmişdilər. Bu səviyyəsiz tort mərasimləri ilə azərbaycanlıları dünyada bir daha rüsvay etdilər. Bu xalqın acısının isə onlara heç bir aidiyyatı olmadığını növbəti dəfə bəyan etmiş oldular. Bu da “Təvəzökar və Qarabağsevər prezident” nağılının sonu.