Cəlil Xəlilov: “Bu, minlərlə insanın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etməlk deməkdir”
Xəbər verdiyimiz kimi, Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib.
Bununla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bunu dövlətimizin növbəti uğuru kimi dəyərləndirib:
“Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi ölkə başçımızın, dövlətimizin növbəti diplomatik zəfəridir. Bu xəritə əssında Ermənistanın vaxtiylə Ağdam rayonu ərazisində basdırdığı 100 mindən çox minanın yerini müəyəyn etmək mümkün olacaq. Bu isə minlərlə insanımızın təhlükəsizliyinin təmin edilməsi deməkdir.
Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq.
Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin d aha sürətlə aparılmasına şahid olacağıq”.
Polkovnik qeyd edib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır:
“Minalanmış ərazilərin xəritəsinin əldə edilməsinin daha bir əhəmiyyəti həm də bilavasitə iqtisadi qazancla bağlıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmnin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki məlum olduğu kimi, minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir.
Bir sözlə, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsi mühüm diplomatik zəfərdir və milli dövlətçilik tariximшzdə də məhz bu cür əks olunacaq.
Bunu da qeyd edək ki, digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir”.
Seymur ƏLİYEV