Sumqayıt şəhərinin Corat qəsəbəsinin sakinlərinin elektrik təminatı ilə bağlı narahatlığı qış mövsümünün yaxınlaşması ilə bir qədər də artıb. Buna səbəb qəsəbədəki bir çox elektrik dirəyinin istifadə üçün yararsız hala düşməsidir. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, qəsəbə ərazisindəki elektrik dirəklərinin bir çoxu sıradan çıxsa da, əlaqədar qurumlar çürümüş dirəklərin yeniləri ilə əvəzlənməsinə səy göstərmir: “Qəsəbədə yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi taxta dirəklərin böyük bir qismi çürüyərək yararsız vəziyyətə düşüb. Fəqət buna baxmayaraq aidiyyati orqanların heç biri bu dirəklərin dəyişdirilməsi istiqamətində heç bir addım atmır. Məhz bu səbəbdən də küləkli günlərdə elektrik dirəklərinin bəzisi aşaraq həm mənzillərin elektrik enerjisi ilə təchizatında problem yaradır, həm də insanların həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Təsadüfi deyildir ki, illərdir dəyişiləcəyi günü gözləyən bu dirəklər Corat sakinləri arasında ölüm dirəkləri adı ilə tanınmaqdadır. Vətəndaşlar hesab edir ki, əlaqədar qurumlar elektrik xətlərinin yenilənməsi istiqamətində ciddi addımlar atmazsa, elektrik dirəklərinə verilən bu ad hələ uzun müddət öz populyarlığını qoruyub saxlayacaqdır”.