MSK-nın dünənki qərarını- Baş nazirin müavini təyin olunmasına görə Əli Əhmədovun deputat mandatından məhrum olunması şərh edən Ədalət Partiyasının sədr müavini Heydər Oğuz maraqlı iddia irəli sürüb.
Onun Moderator.az saytına
bildirdiyinə görə, bu gün Milli Məclisiin deputatları arasında xeyli iri məmur,
universitet rektoru var. Halbuki Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsi
bu cür yüksək vəzifə tutmuş şəxslərin deputat seçilməsini istisna edir: “Bunu
MSK da bilməmiş deyil. Ən azı ona görə ki, Milli Məclisin deputatı İlyas
İsmayılov bu barədə dəfələrlə məsələ qaldırıb, yazılı şəkildə ən yüksək
hakimiyyət orqanlarına, o cümlədən MSK-ya müraciətlər göndərib. Təəssüf ki,
indiyə qədər bu müraciətə nə müsbət, nə də mənfi cavablar verilməyib. İndi isə həmin MSK baş nazirin müavini vəzifəsinə təyin olunan
Əli Əhmədovun müraciətinə baxıb Konstitusiyanın tələblərini əsas gətirərək onun
xahişini yerinə yetirmişdir. Bununla da parlamentin qanuna müvafiq qaydada
təşkil olunmadığını, deməli həm də seçkilərin saxtalaşdırdığını etiraf etmiş olub.” Heydər Oğuza görə, Əli Əhmədovun mandatına xitam
verilməsi müsbət hal olsa da, ölkədə imtiyazlılar sinfinin formalaşdığını
göstərir: “MSK-nın bu qərarı Əli Əhmədovun müraciətindən sonra çıxarması və
onun digər deputatlara şamil olunmaması sübut edir ki, Konsitusiyanın müvafiq
tələbləri yalnız məmurların istəyi ilə uzlaşacağı vaxt yerinə yetirilir. Bu isə
idarəçi iradəsinin qanunlardan üstün tutulmasının ən bariz örnəyidir”. Həm
parlamentdə, həm də hökumətin müxtəlif oraqanlarında təmsil olunan bu
imtiyazlılar sinfinin əksəriyyətinin yaşının pensiya həddini keçdiyini diqqətə
çatdıran Ədalət yetkilisinə görə, hansısa bir müəllimin, ya həkimin yaşı
keçdiyinə görə işdən çıxarıldığı ölkədə bir neçə qocanın bir neçə kreslodan
ikiəlli yapışmasını anlamaq mümkün deyil: “Halbuki idarəetmə işi məktəbdə dərs
deməkdən, xəstəyə baxmaqdan daha çox enerji tələb edir. Üstəlik, bu
məmur-deputatların bütün vəzifələri eyni anda müvəffəqiyyətlə yerinə yetirə
bilmədikləri də müşahidə olunur. Təsadüfi deyil ki, MM-in iclaslarına belə
qatıla bilməyən bu qocaların yerinə başqaları səs verirlər. Parlamentdə hətta
düymə basmaq qədər yer ala bilməyən bu “əvəzedilməzlər” hansı qanunverici
prosesdə iştirak edə bilərlər?” MSK-nın bu cür qanunsuzluğa göz yummasını
təsadüfi olmadığını düşünən Heydər Oğuzun fikrincə, iri məmurların paralamentdə
təmsilçiliyi demokratiyanın təməl prinsiplərindən sayılan hakimiyyət bölgüsünə
ziddir və dövlət iradəsini öz əlində cəmləşdirmək istəyən zehniyyətin
maraqlarına uyğundur: “Məqsəd, xalqın həqiqi iradəsinin hakimiyyətə
daşınmasının qarşısını almaq və hakimiyyətin öz idarəçilik prinsiplərinə uyğun
qanunlar çıxarmaqdır. Başqa təbirlə desək, hakimiyyət özü çaldığı havaya özü
oynamaq istədiyindən belə vəziyyətin yaranmasında maraqlıdır.”