Bu gün Zəngilanın işğalından 20 il ötür. Azərbaycanın
cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir. Rayonun
coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o Bakı-Culfa-Naxçıvan dəmiryolunun
üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat
kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı
məcburi köçkünlərin sayının 33 min nəfər olduğu bildirilir. Rayon ərazisinin əsas
hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilanda qızıl, tikinti daşları və əhəng
kimi faydalı qazıntılara malikdir. Dünyada sayılıb seçilən bir neçə çinar meşəsindən
biri də bu rayonda yerləşir.
Zəngilan rayonu
eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14
tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət
evi, 3003 min tom kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın
iqtisadiyyatının əsasını kənd təsərrüfatı- üzümçülük, tütünçülük və
heyvandarlıq təşkil edib. 1988-ci ildə Zəngilan rayonu 1,1 min ton tütün, 16,3
min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq, Zəngilanda
1989-cü ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu
mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan
stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol
xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.