Oktyabrın 28-də vəkil Bəhruz Bayramov MTN-nin təcridxanasında Pərviz Həşimli ilə görüşüb. Qeyd edək ki, tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli sentyabrın 17-də qondarma ittihamlarla həbs olunub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Bu günədək onun vəkilləri Elçin Sadıqov və Bəhruz Bayramovun verdikləri heç bir vəsatət təmin edilməyib, məhkəmələr heç bir araşdırma və dəqiqləşdirmə aparmağa zərurət duymadan atüstü qərarlarla Pərviz Həşimlinin qanunsuz həbsinə saxta hüquqi don biçməyə cəhd ediblər.
Elə buna görə də məhkəmələrin onun hüquqlarını
kobud pozmasından şikayətlənən Pərviz Həşimli Bakı Apellyasiya Məhkəməsinin
hakimi Abid Abdinbəyov barəsində tədbir görülməsi üçün Məhkəmə Hüquq Şurasına və
şəxsən ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Xəbəri Bəhruz Bayramov
Moderator.az-ın əməkdaşına bildirib və deyib ki, Pərvizlə görüşərkən müvəkkili
Bakı Apellyasiya Məhkəməsinin qərarını yenicə aldığını söyləyib və buna
etirazını nazirə teleqram vurmaqla bildirib. Eyni zamanda Pərviz jurnalist həmkarlaına
və hüquq müdafiəçilərinə də bir daha səslənərək onun qanunsuz həbsinə öz sərt
münasibətlərini, mövqelərini ortaya qoymağa çağırıb.