Son günlər bütün dünyada, eləcə də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin şəkildə artması böyük narahatlıq doğurmaqdadır.
Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə koronavirus təhlükəsi, bu təhlükənin miqyası və ona qarşı kütləvi mübarizə əhəmiyyətini müzakirə etməyə çalışdıq.
-Səmyar bəy, son vaxtlar dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma hallarının sayında ciddi artım müşahidə edilməkdədir. Sizcə bu artıma səbəb nədir?
-Xatırlayırsaınızsa, payız mövsümündə bütün dünyada koronavirusun yeni dalğasının başlanacağı ilə bağlı bir çox mütəxəssislər proqnozlar səsləndirmişdi. Onlar iddia edirdilər ki, insanlarda immunitetin zəiflədiyi, müxtəlif növ qrip xəstəliklərinin çoxaldığı payız ayları koronavirusun yayılması üçün münbit şərait yaradır. Hansı ki, biz bu gün bu proqnozların tədricən doğrulduğuna şahid oluruq. Lakin bunu da qeyd etmək lazımdır ki, koronavirusun yayılmasının əsas səbəblərindən biri insanların gərəkli önləyici tədbirlərə lazımınca əməl etməməsidir. Sosial məsafə amilinin bir çox hallarda gözlənilməməsi, qoruyucu maska və dezinfeksiya məhlullarından istifadə məsələsində yol verilən nöqsanlar, xəstəliyin bir çox halalrda ciddiyə alınmaması koronavirusun yayılmasını təkan verən əsas amillərdir.
-Demək belə çıxır ki, hər bir fərdin bu məsələyə xüsusi həssaslıqla yanaşması, koronavirusa qarşı mübarizə tədbirlərinə əməl etməsi vəziyyəti yaxşılığa doğru dəyişə bilər?
-Tamamilə doğrudur. Artıq bəzi dünya dövlətlərinin timsalında bunun konkret nümunələri də mövcuddur. Məsələn bu gün istər Rusiya, Ukrayna və Qərb dövlətlərində, istərsə də Asiya məkanında koronavirusun sürətlə yayılması fonunda Çin və Yaponiyada heç bir artımın baş vermədiyi müşahidə olunur. Çin və Yaponiyada koronavirusun yeni dalğasının baş verməməsinin səbəblərini araşdıran mütəxəssislər bu qənaətə gəliblər ki, buna səbəb hər iki ölkədə vətəndaş intizamının yüksək səviyyədə olması, insanların koronavirusla mübarizə mqəsədi ilə bütün önləyici tədbirlərə ciddi şəkildə əməl etməsidir. Təkcə bu faktın özü koronavirusa qarşçı effektiv mübarizədə vətəndaş olaraq məsuliyyətli olmağın nə dərəcədə önəmli olduğunu göstərir.
-Səmyar bəy, bu gün ölkəmiz koronavirusla yanaşı, həm də erməni işğalçılarına qarşı mübarizə aparır. Sizcə ölkəmizin hazırkı durumunu iki cəbhədə müharibə aparmaq kimi xarakterizə etmək mümkündürmü?
-Şübhəsiz. Bu gün dövlətimiz həqiqətən də iki cəbhədə müharibə aparır. Azərbaycan ordusunun hədəfində erməni işğalçıları, Azərbaycan səhiyyəsinin hədəfində isə koronavirus bəlasıdır. Amma unutmamalıyıq ki, hər iki müharibədə qalb gəlmək üçün bütün xalqımızın həmrəylik sərgiləməsi, dövlətimizin ətrafında sıx birləşməsi, əlaqədar qurumların tövsiyyə və tələblərinə ciddi riayyət etməsi vacibdir.
Koronavirusa qarşı mübarizədə son dərəcə diqqətli olmaq, onun yayılmasının qarşısını almaq olduqca zəruridir. Birinci koronavirus dalğası göstərdi ki, xəstəliyin genişlənməsi sadəcə insanların sağlamlığı üçün təhdid mənbəyi olaraq qalmır. Həm də bütün iqtisadiyyata mənfi mənada ciddi təsir göstərir, onun bütün strukturlarının fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Proseslər insanların psixologiyasına da mənfi təsir göstərir.
Hərbi əməliyyatların aktiv şəkildə davam etdiyi indiki məqamda koronavirusun genişlənməsi arxa cəbhədə vəziyyətin mürəkkəbləşməsinə səbəb ola bilər ki, buna əsla yol vermək olmaz. Odur ki, hər bir vətəndaş koronavirusa qarşı mübarizə məsələsində dövlətimizin ətrafında sıx birləşməli, bütün mövcud qaydalara ciddi şəkildə əməl etməlidir.
Inanıram ki, vətəndaşlarımız indiki həssas dönəmdə öz üzərlərinə düşən məsuliyyəti yetərincə dərk edəcək və alacaqları önləyici tədbirlər hesabına dövlətimizin koronavirus üzərindəki qələbəsinə töhfə verəcəklər. Unutmamamlıyıq ki, özümüzü və doğmalarımızın təhlükəsizliyi bizdən məsuliyyətli olmağı, əsl vətəndaş intizamı sərgiləməyi tələb edir. Bu çətin məqamda bizim başqa cür davranmağa mənəvi haqqımız yoxdur.
Seymur ƏLİYEV