Bu gün səhər saatlarından etibarən Ermənistan ordusunun həyata keçridiyi təxribatlar Azərbaycan ordusunun əks-hücum əməliyyatı ilə nəticələnib. Ordumuzun həyata keçirdiyi sürətli əks-hücum nəticəsində işğal altıdnakı 7 kənd erməni terrorçularından azad edilib, bir sıra yüksəklik ələ keçirilib.
Bu tarixi qələbə ilə
bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr
müavini, polkovnik Cəlil Xəlilov baş verənləri Azərbaycan ordusunun, ali baş
komandanın və xalqımızın böyük uğuru kimi dəyərləndirib:
“Şübhəsiz, Azərbaycan
ordusunun əks-hücumları nəticəsində 7 kəndin işğaldan azad edilməsi başda ali
baş komandan olmaqla, Silahlı Qüvvələrimizin böyük uğurudur və bu uğur xalqımız
tərəfindən böyük sevinclə qarşılanıb. Uğurlu əks-hücum əməliyyatlarının davam
etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, yaxın vaxtlarda Azərbaycan
ordusunun hərbi uğurları daha da genişlənəcək və yeni-yeni ərazilərin işğaldan azad edilməsi ilə
nəticələnəcəkdir.
Xatırladaq ki, Azərbaycan
Respublikasının prezidenti, ali baş komandan İlham Əliyev dəfələrlə işğalçı Ermənistana
xəbərdarlıq etmiş, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin
atəşə tutulmasını dayandırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə,
Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə
adekvat reaksiya verməyə səsləmişdir. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin
bu çağırışlarına əməl etməyərək öz təxribatlarını davam etdirdi ki, bu da Azərbaycan
ordusunun bütün cəbhə boyu əks-hücumu keçməsi ilə nəticələndi. Hansı ki, artıq
rəsmi İrəvan məğlubiyyətə uğradığını, Azərbaycan ordusunun bir sıra məntəqələri
azad etdiyini etiraf etməkdədir.
Bu gün ordumuzun ortaya
qoyduğu əzm və iradə bir daha göstərdi ki, Azərbaycan işğal faktı ilə
barışmayacaq və düşməni silah gücünə də olsa bu torpaqlardan çxıaracaq, dövlətimizin
ərazi bütövlüyünü təmin edəcəkdir. Ali baş komandanın bu gün televiziya vasitəsi
ilə Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasındakı
çıxışı da göstərdi ki, dövlətimiz işğalçını “ağıllandırmaq”, onun təxribatlarının
qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahibdir və bu istiqamətdə bundan
sonra da lazımi addımları atacaqdır.
Onu da qeyd edək ki, baş
verənlərə görə bütün məsuliyyət işğalçı, təxribatçı Ermənistanın üzərinə düşür
və beynəlxalq təşkilatlar, dünya birliyi buna görə işğalçı dövlətə layiq olduğu
münasibəti sərgiləməli, müxtəlif sanksiyalar, cəza mexanizmləri vasitəsi ilə
beynəlxalq hüquqa meydan oxuyan İrəvana öz yerini göstərməlidir.
Hər kəs bilsin ki, Azərbaycan
xalqı ali baş komandanının yanındadır və onun hər bir əmrini şərəf və qətiyyətlə
həyata keçirməyə hazırdır. İnanıram ki, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları
işğaldakı bütün torpaqlarımızın azadlığı ilə nəticələnəcək, Azərbaycan xalqının
haqq işi qələbə çalacaqdır”.
Seymur ƏLİYEV