“Bizim yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimlinin vəkilləri və qohumları onun həbsi ilə bağlı bu gün mətbuat konfransı keçiriblər.
Virtualaz.org-un tədbirdə olan əməkdaşı xəbər verir ki, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirilən mətbuat konfransında çıxış edən Pərviş Həşimlinin atası Kamran Həşimov oğlunun dövlət əleyhinə heç bir iş görmədiyini bildirdi: “Pərviz Həşimli prezidentin apardığı siyasəti, ölkədəki məmurların ziddiyyətli fikirlərini, fəaliyyətini işıqlandırmaqla məşğul olub. Prezident ölkədə korrupsiyaya qarşı mübarizə apardığı kimi Pərviz də öz qələmi ilə bu istiqamətdə öz mübarizəsini aparıb”.
K.Həşimov oğlunun MTN işçiləri tərəfindən şərlənərək həbs edildiyini söylədi: “Pərviz işdə olarkən onu aldadıb aşağı çağırıblar. Sonra da maşınına silah qoyub tutublar. Axşam da 5 yaşlı uşağı və həyat yoldaşı olan evinə maskalı və silahlı şəxslər tərəfindən basqın edilib. Mən o insanları bandit adlandırıram. Həmin şəxslər evə girərəkən həyətdə olan təhlükəsizlik kameralarını sındırıb və söndürüblər. Qapı bağlı olduğundan evə pəncərədən giriblər. Evə qoyulan silahların heç biri mənim oğluma aid deyil. Mənim oğlum terrorist deyil. Eldar Mahmudovdan övladımın təhlüksizliyini tələb edirəm”.
Jurnalistin atası prezident İlham Əliyevə müraciət etdi: “Ölkə başçısının məni qəbul etməsini istəyirəm. Bütün bu olanları şəxsən ona özüm çatdırmaq istəyirəm. Ölkədə baş verən özbaşınalıqları ölkə başçısına çatdıqmaq istəyirəm”.
K.Həşimov 20 ildir Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, illərdir müəllim kimi dövlətinə xidmət etdiyini və terrorçu övlad yetişdirmədiyini söylədi.
Pərviz Həşimlinin yoldaşı İlahə Həşimli hadisənin baş verdiyi gün MTN işçiləri tərəfindən evlərində aparılan yoxlamanı bütün detalları ilə media nümayəndələrinin diqqətinə çatdırdı. İ.Həşimli uzun müddətdir ki, həyat yoldaşına MTN əməkdaşı İlqar Əliyev tərəfindən birgə işləmək təklifinin edildiyini vurğuladı: “Pərviz mənə deyirdi ki, MTN əmkdaşı olan İlqar müəllim mənə onlarla işləməyimi təklif edir. Amma Pərviz bu təklifi qəbul etmirdi”.
Vəkil Elçin Sadıqov P.Həşimlinin həbs edilərkən ciddi qanun pozuntularına yol verildiyini qeyd etdi: “Pərviz Həşimli həbs edilərkən zorakılığa məruz qalıb. Başına torba keçirilib. Maşınında və evində aparılan axtarışlar hal şahidi və kameralar olmadan aparılıb. Bunlarla bağlı şikayət edəcəyik”.
E.Sadıqov bu gün P.Həşimovla və müstəntiqlə görüşəcəyini söylədi.
Vəkil E.Sadıqov P.Həşimovla məhkəmədəki görüşündən danışarkən qeyd etdi ki, ondan Əli Kərimli haqda açıqlama verməsini istəyiblər: “Pərviz Həşimli ilə məhkəmədə qısa söhbətimiz oldu. Ondan ilk olaraq Əli Kərimli əleyhinə ifadə verməsini istəyiblər. Söhbətimiz qısa olduğundan başqa bir heç nə öyrənə bilmədim”.