"Yeni Müsavat"ın redaktoru Eldəniz Quliyevi tərbiyəsiz adlandırıb.
"Yeni Müsavat" qəzeti baş redaktorunun birinci müavini
Azər Ayxan Avropa.info-ya açıqlamasında "El" Hərəkatının Ali
Məclisinin sədri Eldəniz Quliyevin adıçəkilən qəzetin baş redaktoru Rauf
Arifoğluna qarşı ittihamlarınha cavab verib. Xatırladaq ki, "Yeni
Müsavat" qəzeti Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Gürcüstanda
Cəmil Həsənli ilə görüşündən sonra bu qurumun sədrliyindən istefa verəcəyini
yazıb. Bu məlumatı təkzib edən E.Quliyev isə bunları deyib: "Bu, Rauf
Arifoğlunun yatıb yuxuda gördüyü bir xəyaldır. İnanmıram ki, belə bir şey
olsun. Onun kimilər sonra da deyəcəklər ki, Rüstəm İbrahimbəyov hakimiyyətlə
işbirliyinə getdi və sairə". Azər Ayxan isə saytımıza açıqlamasında bu səfərin
yalan olmadığını deyib və E. Quliyevə kəskin cavab verib: "Mətbuatın
vəzifəsi hər bir xəbəri cəmiyyətə çatdırmaqdır, siyasətçilərin vəzifəsi isə
həmin xəbərlərə münasibət bildirməkdir. Eldəniz Quliyev tərbiyəsiz bir adamdır.
Ona görə də onun belə yanaşmasına təəccüblənmirəm. Bu adamlar adlarını demokrat
qoyublar və avtoritar təfəkkürlü, mətbuata, söz azadlığına düşmən münasibətləri
ortadadır. Bu adamların hakimiyyətə gəlməsi daha böyük fəlakətlərə yol açar.
Biz qəzetçiyik və xəbər tirajlamaqla məşğuluq. Nə yazıq ki, belə adamlardan
xilas olmaq da mümkün deyil. Onlar "Yeni Müsavat"a və Rauf Arifoğluna
qarşı ittihamlar irəli sürməklə məşğuldurlar. Zaman göstərir ki, bu adamların
Milli Şura adı altında, "El" Hərəkatı adı altında fəaliyyəti sonda
fiaskoya uğradı. Bunun izahını vermək əvəzinə yenə Rauf Arifoğluna qarşı
ittihamlar irəli sürməklə məşğuldurlar. Amma zaman hər şeyi yerbəyer etdi.
Bizim yazdıqlarımız öz təsdiqini tapdı. O adamlar oyansınlar, gözlərini açsınlar.
Əgər öz liderləri Rüstəm İbrahimbəyov onlardan imtina edib bunları sözün siyasi
mənasında baqaja qoyub deyirsə ki, mən namizəd olmaq istəmirdim, məni buna
məcbur etdilər, bu sözdən sonra həmin adamların biri gəlib belə danışırsa,
deməli onların ağlında problem var".
Moderator.az