Mənəvi Dəyərlərin Təbliği Fondu gənclər arasında “Tarixin şahidləri” adlı müsabiqə elan edib. Hansı ki, müsabiqə tarixi abidələrin tamıdılması və təbliği məqsədi daşıyır.
Gənclər arasında tarixi abidələrimiz və onların tanıdılması ilə bağlı bu cür müsabiqələrin keçirilməsi həm gənclərdə tariximizə marağın artırılması, həm də tariximizin öyrənilməsi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu cür müsabiqələrin mühüm əhəmiyyətə malik olduğunu bildirdi:
“Təşkil olunan bu müsabiqəni ürəkdən alqışlayıram. Çox lazımlı müsabiqədır. Bu istiqamətdə çox işlər görülməlidir. Ölkəmizdə milli xətti bu cür inkişaf etdirmək mümkündür.
Bilirsiniz ki, insanlarımızda yaşadıqları ərazilərdə olan tarixi abidələrlə bağlı bilgilər azdır. Bu da ona gətirib çıxarır ki, tarixi abidələrimiz sıradan çıxarılır. Bir tərəfdən də yerli məmurlar və oliqarxlar bundan istifadə edib tarixi abidələrimizi özəlləşdirib və məhv edirlər. Biigisizlik həm də ona gətirib çıxarır ki, islamaqədərki abidələrimizə anormal münasibət bəsləyırlər. Hesab edirik ki, bu cür layihələr belə halların aradan qaldırılmasında əvəzsiz rol oynayacaqdır. Təşkilatçılara və bu işdə iştirak edəcək gənclərə uğurlar arzulayıram”.
Seymur ƏLİYEV