Dünyamızda pandemiya bəlasının doğurduğu təhlükə sürətlə artmaqdadır.
Bəs koronavirus təhlükəsi
dünyadakı hərbi-siyasi münaqişələrin taleyi baxımından nə vəd edir?
Koronavirusa qarşı mübarizəyə köklənən dünyamızda beynəlxalq təşkilatların,
aparıcı güclərin Qarabağ və bu qəbildən olan problemlərin həllinə indiki şəraitdə
lazımi diqqət göstərməsi mümkündürmü?
Moderator.az-a açıqlama
verən politoloq Qabil Hüseynli pandemiya fonunda belə hərbi-siyasi münaqişələrin
unudulmadığını bildirdi:
“Pandemiya əbədi deyil. Doğrudur,
hələ ki, verilən proqnozlar özünü doğrultmur və hətta koronavirusun ikinci
dalğasının baş verə biləcəyi ilə bağlı ehtimallar səsləndirilir. Lakin ən bədbin
proqnozlara görə belə, pandemiyaya qarşı mübarizədə bu ilin sonuna qədər ciddi uğur əldə ediləcək.
Pandemiyaya qarşı həm peyvənd, həm də dərman müalicəsinin yaradılması istiqamətində
iş gedir. Bəzi ölkələr bu cür dərmanların yaradıldığını, bunun könüllülər üzərində
test edildiyini bildirir. Pandemiya bəşəriyyət üçün əbədi bəla ola bilməz və
olmayacaq.
Qarabağ və bu qəbildən
olan problemlərə gəlincə, bu problemlər gündəmdədir. Bəzi dövlətlər
pandemiyadan istifadə edərək problemləri öz ssenarilərinə uyğun şəkildə tənzimləməyə
çalışırlar. Rusiya gec də olsa faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd
etdi. Bəzi Afrika və Latın Amerikası ölkələrində münaqişələrin alovlanması və
sönməsi prosesləri gedir.
Pandemiya şüurlarda hakim
mövqeyə malikdir. Amma heç kəs digər məsələləri də yaddan çıxarmır. Qarabağ
problemi Azərbaycan gündəmi üçün bir nömrəli hadisədir. Problemin həlli, ordu
quruculuğu istiqamətində ciddi işlər aparılır. Qarabağ probleminin hərbi-diplomatik
həlli məsələsində Azərbaycan hər hansı güzəştə getməyəcək. Yaxın bir il, ilyarım
ərzində bu problemin Azərbaycanın maraqları çərçivəsində həlli baxımından daha əlverişli
geosiaysi vəziyyət formalaşa bilər”.
Seymur ƏLİYEV