Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında orta məktəblərdə hərbi dərslərin bərpa edilməsi təklifi ilə çıxış edib.
Moderator.az-a
açıqlamasında bu təklifə münasibət bildirən Respublika Veteranlar Təşkilatının
sədr müavini, polkovnik Cəlil Xəlilov orta məktəblərdə hərbi dərslərin bərpasının
vacib olduğunu, bu illər ərzində bir neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə müraciət etdiklərini
bildirib:
“Təbii ki, məktəblərdə hərbi
dərslərin bərpasına ciddi ehtiyac var. Ölkəmizin müharibə şəraitində olması,
torpaqlarımızın bir hissəsinin işğal altında qalması hərbi dərslərin bərpasını
ikiqat zəruri edir.
Sadəcə orta məktəblərdə
deyil, ali təhsil müəssisələrində də hərbi dəsrlərin keçirilməsi günün tələbidir.
Çünki ali məktəbin bakalavr pilləsini bitirən tələbələr təhsillərini başa
vurandan sonra həqiqi hərbi xidmətə yola düşür. Əgər ali məktəblərdə hərbi dərslər
tədris olunarsa, bu, təhsilini başa vurandan sonra ordu sıralarına qatılan gənclərimizin
xidmətə daha hazıqlıqlı şəkildə başlamasını təmin edər. Unutmaq olmaz ki, ilkin
bilik və bacarığa malik heyətlə işləmək zabitlər üçün də daha asandır.
Biz Respublika Veteranlar
Təşkilatı olaraq dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Həmin
müraciətlərdə həm orta, həm də ali məktəblərdə hərb işinə marağın artırılması məqsədi
ilə gənclərimizin ordumuzun arsenalındakı hərbi texnika ilə tanışlığına şəraitin
yaradılması, onlara bəzi silah növləri haqqında əyani informasiya verilməsi və s. kimi təkliflər səsləndirmişik. Habelə, bu
işdə veteranların təcrübəsindən istifadə etməyi təklif etmişik. Lakin təəssüflər
olsun ki, Təhsil Nazirliyi bu müraciətlərə lazımi həssaslıqla yanaşmayıb.
Bir daha qeyd edirəm ki,
gənc nəslə ilkin hərbi bilik və bacarıqların aşınması, onlarda orduya, hərb sənətinə
marağın artıırlması üçün hərbi dərslərin bərpası arzuediləndir. Dövlətimizin
maraqları bizdən məhz bunu tələb edir”.
Seymur ƏLİYEV