Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və onun tarixi dövlətçilik baxımından önəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. AXC-nin dövlətçilik tariximizdəki mühüm rolunu qeyd edən ölkə başçısı, bununla yanaşı, o zamankı Azərbaycan hökuməti tərəfindən İrəvanın ermənilərə verilməsini yanlış qərar kimi qiymətləndirib və bunu bağışlanılmaz səhv adlandırıb.
Maraqlıdır, bu gün sadəcə Qarabağın deyil, AXC dönəmindəki bu səhvin aradan qaldırılması istiqamətində də iş aparılmalıdırmı?
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa İrəvanın tarixi Azərbaycan torpağı olduğunu, erməni işğalına qarşı mübarizə aparmaq üçün bütün imkanlardan maksimum istifadə etməyin vacibliyini vurğuladı:
“Ümumiyyətlə, Ermənistan dövləti Azərbaycan torpaqları üzərində qurulub. Dünya reallığı tələb edir ki, biz məsələyə BMT-nin müəyyən etdiyi hüdudlar daxilində münasibət bildirək. Amma
bu hadisələr onu göstərir ki, biz Ermənistanın işğalına qarşı öz sərt addımlarımızı atmalıyıq. Buna ciddi şəkildə hazırlaşmalıyıq. Ermənilər Naxçıvanı, Gəncəni işğal etməklə hədələyir. Biz cəmiyyəti də bu mübarizəyə ciddi şəkildə hazırlamalıyıq. Əks halda, yeni itkilərə qapı açmış olarıq.
Irəvan məsələsinə gəlincə, hesab edirəm ki, bu, o zaman qəbul edilən məcburi qərarlardan biri idi. Cümhuriyyətin özünün mövcudluğu şübhə altında idi. Cümhuriyyət yaradıcıları dövlət yaratymaq naminə bu güzəştə getməli oldular. Bugünün reallığında bunu səhv kimi də, məcburi güzəşt kimi də qiymətləndirmək olar.
Düşünürəm ki, biz AXC dönəmində atılan bu addımı düzəltmək üçün müəyyən layihələr üzərində çalışmalıyıq. İrəvan Azərbaycanın tarixi torpağıdır. Biz torpaqlarımızı azad etmək üçün əlimizdən gələni etməliyik. Azərbaycanın işğaldakı torpaqları sadəcə Qarabağdan ibarət deyil. Biz İrəvan və onun taleyi haqında da düşüməli, işğalçını tərk-silah etmək üçün bu məsələyə də diqqət yetirməliyik. Əks halda, bu “virus” qaldıqca bütün bölgəyə yayıla bilər. Erməni virusu koronavirus kimi süətlə yayılmaq qabiliyyətinə malikdir. Odur ki, biz problemin köklü həllinə çalışmalı, bu yolda ardıcıl və intensiv iş aparmalıyıq”.
Seymur ƏLİYEV