Yeni dərs ilinin başlanması ərəfəsində bölgələrdə yaşayan tələbələrin paytaxta axını gözlənilir. Kimi yenicə tələbə adı alaraq paytaxta, təhsil almağa gəlir, bəziləri də təhsilini davam etdirmək üçün Bakıya gələcək. Üstəlik Bakı kəndləri və rayonlarda istirahətə gedənlər də yay mövsümünün sona çatması ilə əlaqədar geri dönməyə başlayacaqlar.
Moderator.az-ın məlumatına görə ANS PRESS nəqliyyat sektorunun bu sıxlığın öhdəsindən gəlib-gəlməyəcəyini araşdırıb.
Bakı Beynəlxalq Avtovağzalı bölgələrdəki əhalini paytaxta daşımaq üçün əlavə avtobuslar göndərəcək. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, bu proses sentyabrın 10-dan sonra başlayacaq.
Azərbaycan Dəmir yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşıma departamentində hazırlıq işlərinin görüldüyünü dedi. Hazırda vaqonlara texniki baxış keçirilir. “Sentyabrın 1-dən 4-nə kimi axının hansı istiqamətlərdən olacağı müəyyənləşəcək. Paytaxta axın əsasən Gəncə-Qazax bölgələrindən olacaq. Ümumilikdə bütün istiqamətdə hərəkət edən qatarlara 20 vaqon əlavə olunacaq. Həmin vaqonların biletləri elə həmin gün satılacaq. Tarif Şurasının qərarına əsasən biletlərin qiymətində dəyişiklik olmayacaq”, - deyə Nadir Əzməmmədov bildirdi.