Ümumtəhsil məktəblərində qadınların çoxluq təşkil etməsi yenidən mətbuatın gündəminə gətirilib. Təhsil Nazirliyindən bildirilib ki, qadın müəllimələrin çoxluğunun şagirdlərin davranışlarına mənfi və ya müsbət psixoloji təsiri barədə əsaslı tədqiqatlar aparılmadığından bu amilin təsiri barədə birmənalı fikir bildirmək mümkün deyil.
Tanınmış təhsil eksperti, professor, parlamentin Təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov da vaxtaşırı ümumtəhsil məktəblərində qadın müəllimələrin çoxluq problemini qabardanlardandır. Moderator.az-a bu dəfəki açıqlamasında professor bildirdi ki, əksinə, o, nazirliyin açıqladığı rəqəmə-yəni qadınların 76, 27 faiz təşkil etməsinə sevinib, çünki o bu rəqəmin daha böyük olduğunu-90 faiz ətrafında tərəddüd etdiyini düşünürmüş. Ş. Əsgərov da bu problemin mövcudluğunun təhsilin keyfiyyətinə və şagirdlərin cəmiyyətdə bir vətənpərvər, cəsur vətəndaş kimi formalaşmasına təsir etdiyi qənaətindədir: “Bu barədə təhsil görəvliləriylə də söhbətlərimiz olub. Kişi müəllimləri məktəbə gətirməyə çalışmaq lazımdır. Qadınların sayı məktəblərdə əslində çox deyil, sadəcə kişi müəllimlər getdiyindən istər-istəməz bu statistikayla üz-üzə qalmışıq. Müəllimlərə elə maaş verilməlidir ki, kişi müəllimlər məktəbi atıb gedib taksi sürücüsü olmasın. Taksi sürücüsü gedib uzağı 500-600 manat qazana bilir. Elə həmin məbləği müəllimlərə versək, gedib taksi sürməzlər. Müəllimin cəmiyyətdə əvvəlki hörmətini qaldırmaq lazımdır. Bu barədə də dəfələrlə elə sizin saytınıza açıqlamamda demişəm ki, müəllimin maaşı cəmiyyətdəki orta maaşdan heç olmasa 20 faiz yüksək olmalıdır ki, bu peşə hörmətli, urvatlı olsun. Təkcə maaş məsələsi də deyil. Cəmiyyətdə bir status məsələsi də var. Elə olmalıdır ki, kişi müəllimin öz övladı ali məktəbə sənəd verəndə ona “get müəllim ol” deyə bilsin. Ancaq indi müəllim öz övladına xəbərdarlıq edir ki, amanın bir günüdür, mən bir səhv edib müəllim oldum, sən mənim səhvimi təkrarlama.”