Koronavirusdan əziyyət çəkən Avropa dövlətərinə Çin və Rusiyanın göstərdiyi yardımlar bir sıra politoloqlar tərəfindən bu ölkələrin Qərbdə nüfuz üstünlüyünə malik olmaq, bu regionu ABŞ-ın əlindən almaq cəhdi kimi qiymətləndirilməkdədir.
Maraqlıdır, Rusiya və Çinin Avropaya göstərdiyi tibbi yardımların arxasında siyasi maraqlar mövcuddurmu? Bu kimi yardımlarla ABŞ və Avropa arasındakı tarixi bağı qırmaq, Qərbi Ağ Evin əlindən almaq mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu yardımlarda siyasi məqsədlərin də mövcudluğuna toxunsa da, ABŞ-ın Avropadakı nüfuzunun daha böyük olduğuna diqqət çəkdi:
“Təbii ki, bu kimi addımlarla Avropanı ABŞ-dan qoparmaq mümkün deyil. Avropa ilə Amerikanın əlaqələri daha sıxdır. Avropa ittifaqı Avropa ölkələri üçün xüsusi yardım paketi hazırlayır. Bu yardım paketinin həcmi 1 trilyon avrodan çoxdur. Amerika da bu ölkələrə kifayət qədər təsirli yardımlar edir. Maliyyə baxımından da onlara köməklik göstərir. Ona görə də Rusiya və Çinin yardımları Avropada Amerikanın nüfuzunu azaltmayacaq.
Bu yardımlarda siyasi məqsədlər mövcuddur. Bu yardımlar həm də post-pandemiya dövrünə hesablanır və hesab olunur ki, göstərilən yardmlar Avropa ictimai rəyində Çin və Rusiyaya olan münasibəti müəyyən qədər müsbətə doğru dəyişəcək. Rusiya və Çin Aropa ittifaqı üçün siyasi və iqtisadi tərəfdaşlar hesab olunur. Bu baxımdan Çin və Rusiyanın göstərdiyi yardımlar bu imicin bir hissəsi kimi dəyərləndirilə bilər. Lakin bu, həmin ölkələrə Avropa məkanında ABŞ qarşısında xüsusi bir üstünlük qazandırmayacaq”.
Seymur ƏLİYEV