Koronavirus təhlükəsinin genişlənməsi bütün dünyada adıçəkilən xəstəliklə bağlı müxtəlif test sistemlərinin işlənib hazırlanması prosesini sürətləndirməkdədir. Hansı ki, bu testlər xəstəliyin təyin edilməsi müddətindən tutmuş dəqiqlik və s. keyfiyyətinə görə bir-birindən ciddi şəkildə fərqlənir.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bütün bəşəriyyətin koronavirus qarşısında ölüm-dirim mübarizəsi verdiyi bir zamanda dünyanın bəzi tibb şirkətləri, eləcə də özəl klinikaları bundan böyük vəsaitlər qazanmaqdadır. Belə ki, xəstəliyin kifayət qədər real təhlükə mənbəyinə çevrildiyi, dünyada 10 minlərlə insanın virus səbəbi ilə həyatını itirdiyi bir zamanda, insanlar arasında psixoloji narahatlıq və qorxunun artdığı müşahidə edilir. Məhz bu səbəbdən də bəzi şirkətlər koronavirusla bağlı pullu testlərin geniş tətbiqini həyata keçirməkdə, bununla da böyük vəsaitlər əldə etməkdədir. Koronavirusa yoluxduğundan ehtiyatlanan şəxslər müəyyən telefon nömrələrinə zəng edərək elə evdəcə koronavirus testindən keçə, digər tibbi ləvazimatlarla təmin oluna bilirlər.
Mütəxəssislər bildirir ki, pullu koronavirus testindən keçən insanların çoxu psixoloji narahatlıq keçirən şəxslərdir. Onlar bu tesstlərdən keçməklə koronavirus xəstəliyinə tuutlmaqdıqlarını bilmək, beləliklə də əvvəlki psixoloji rahatlıqlarını bərpa etməyə çalışırlar. Artıq Azərbaycana qonşu olan Rusiyada da pullu testlərin tətbiqi genişlənməkdədir. Məsələn, Moskvada fəaliyyət göstərən Medsi klinikası dəyəri 2000 rubl olan koronavirus testlərinə görə vətəndaşlardan 5000 rubl məbləğində ödəniş tələb edir. Üç gündən sonra bilinən testin nəticəsi ilə bağlı vətəndaşlar telefon vasitəsi ilə məlumatlandırılır.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda koronavirus testləri və xəstəliyin müalicəsi üçün bütün gərəkli vəsait dövlət tərəfindən qarşılanır və tamamilə təmənnasızdır.
Seymur ƏLİYEV