Cinayət
aləminin nüfuzlusu, “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun
vəkili Kamandar Nəsibov müvəkkilinin Gürcüstana təhvil verilməsi xəbərindən
danışıb. Vəkil hazırda Bakıda, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Lotu
Quli”nin Gürcüstana ekstradisiya olunacağı haqda məlumatların həqiqət
olmadığını açıqlayıb. Vəkil deyib ki, bu məsələ Penitensiar Xidmətdə heç
müzakirə də olunmur.
“Nadir Səlifov
Gürcüstan vətəndaşıdır, cinayət işinin materiallarında isə onun Azərbaycan
vətəndaşı olduğu göstərilir. Nadir Səlifovda hazırda da Sovet Sosialist
Respublikaları İttifaqının pasportudur. Hamıya məlumdur ki, Nadir Səlifov
Azərbaycan vətəndaşı deyil və o Azərbaycan pasportunu almaq həvəsi ilə alışıb
yanmır. O, öz pasportunu Gürcüstanda alıb, Gürcüstanda yaşayıb, periodik olaraq
Azərbaycana gedib-gəlib. Onun bütün doğmaları Gürcüstanda yaşayırlar. Paradoks
bundadır ki, Azərbaycan məmurları digər Gürcüstan vətəndaşlarına Azərbaycan
vətəndaşlığı vermək üçün min-bir bəhanə düşünürlər, insanlar 20 il növbə
gözləyirlər, övladları Azərbaycanda hərbi xidmətə gedirlər, vergi ödəyirlər və
yalnız uzun-uzadı yalvar-yaxardan sonra dövlət onlara vətəndaşlıq verir. Çox
vaxt da bundan imtina olunur. Nadir Səlifovu isə Azərbaycan vətəndaşı olmadığı
halda Azərbaycan vətəndaşı elan edirlər” - deyə vəkil vesti.az-a bildirib.
Qeyd edək ki,
bir qədər əvvəl aznews.az N.Səlifovun Gürcüstanda yaşayan qohumlarının ölkə
parlamentinə onun ekstradisiya olunması üçün müraciət hazırladıqları haqda
məlumat yaymışdı. Həmin sənəddə “qanuni oğru”nun Gürcüstan vətəndaşı olması
qabardılır və bu səbəbdən onun Gürcüstana ekstradisiyasının vacibliyi gündəmə
gətirilmişdi. Həmin vaxt N.Səlifovun vəkili K.Nəsibovun müvəkkilinin Gürcüstana
ekstradisiya ilə bağlı məsələnin gündəmə gəldiyini təsdiqləmişdi. Demişdi ki,
N.Səlifovun ailəsi və qohumları ilə görüşünə problemlər yaradılır. Onun
həbsxanadan çıxmamasını təmin etmək üçün süni əngəllər ortaya çıxır: “Nadirin
bütün qohumları Gürcüstanda yaşayır. Qohumlarının onunla görüşü mümkün olmur. Xaricdə
yaşayan xanımı və övladlarından başqa digər şəxslərə görüş üçün imkan verilmir.
Bəzən hətta elə olur ki, uşaqları 3 ay gözləyib, gəlsələr də görüşə icazə
verilmir. Bütün bunları nəzərə alaraq “Lotu Quli”nin qohumları onun Gürcüstana ekstradisiyası
ilə bağlı müraciət hazırlayıb. Mən də burada məhkəməyə müraciət edəcəyəm”.