Müsavat Partiyası başqanının müavini
Tofiq Yaqublu saxlandığı Bakı İstintaq Təcridxanasında vəkili Nemət Kərimli ilə
görüşüb. İctimai-siyasi proseslərdə danışarkən o, PA rəsmisinin iqtidarın
prezident seçkilərində təbliğat aparmayacağı haqda fikrinə də münasibət
bildirib. Deyib ki, bu mövqe YAP-ın özünə inamını yox, özünə inamsızlığını
göstərir:
“YAP bununla
demək istəyir ki, artıq Məzahir Pənahova lazımi göstərişlərimizi vermişik,
seçki gününün axşamını gözləyirik”.
Vəkilin
dediyinə görə T.Yaqublu Misir hadisələrinə Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğanın münasibəti haqda da danışıb: “Ərdoğanın “Müsəlman qardaşları”nın
liderini belə inadla müdafiə etməsi, Qərbi demokratiya imtahanından çıxa
bilməməkdə, “halkın oyu”nu gözardı etməkdə qınaması heç də səmimi deyil. Bəs
cənab Ərdoğan Azərbaycanda “halk oyu”nun anasının ağladığını görmür? 2003-cü
ildə prezident seçkilərinin nəticələrinin rüsvayçı şəkildə saxtalaşdırılmasını,
onun partiyası adından AŞ-da Mövlud Çavuşoğlu legitimləşdirmədi? Niyə o, ancaq
müsəlman ərəblərin hüquqlarının pozulmasından narahat olur? Necə olur ki,
Xocalı soyqırımını törədən Sarkisyan çocuq qatili olmur? Ona görə də onun
dediklərini səmimi qəbul etmirəm. Bu adam ağacların kəsilməsinə etiraz edən
dinc adamlara divan tutur, camaat buna etiraz edəndə bunu “xarici qüvvələrin
işi” adlandırır. Heç ABŞ-da dinc etirazçıya divan tutulurmu? Demokratik
ölkələrdə aksiyalar dinc məcrasından çıxıb zorakılığa keçəndə sərt tədbirlər
görürlər. Ərdoğan bizim iqtidar kimi bunu qarışdırır”.