Xəbər verdiyimiz kimi, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ağır fəsadlara səbəb olub. Zəlzələ nəticəsində bir sıra obyektlərin dağıldığı, ölən və yaralıların olduğu qardaş ölkədən gələn üzücü xəbərlər sırasındadır.
Nazirlər Kabinetinin verdiyi məlumata görə, Türkiyəyə yardımla bağlı Ankara ilə danışıqlar aparılır.
Türkiyənin bu çətin günündə Azərbaycanla yanaşı, digər türk dövlətlərinin də Türkiyəyə yardım göstərməsi türk dünyasının mənəvi həmrəyliyi baxımından nə dərəcədə arzuedilən olar?
Moderator.az-a açıqlama verən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Türkiyəyə belə bir yardımın göstərilməsinin zəruri olduğunu vurğuladı:
“Təbii fəlakətlərlə bağlı beynəlxalq konvensiyalara uyğun olaraq dövlətlərin məsuliyyəti var. Daşqınlar, sunamilər, zəlzələlər və s. kimi fövqəladə hallarda, böyük fəlakətlər zamanı hansı dilə, dinə, mədəniyyətə malik olamsından asılı olmayaraq, bütün dövlətlər, beynəlxalq qurumlar fəlakətə uğrayan dövlətin yanında olmalıdır.
Azərbaycanın Türkiyəyə qardaşlıq yardımı göstərəcəyinə inanıram. Bu, bizim qardaşlıq borcumuzdur. Təbii ki, digər türk dövlətləri də Türkiyəyə yardım etməlidir.
Türk dövlətlərinin ortaq əməkdaşlıq modelləri var və bu quurmlar vasitəsi ilə də Türkiyəyə yardım göstərilməlidir. Əminəm ki, belə bir yardım göstəriləcək və türk dünyası Türkiyə üçün belə çətin məqamda yenə də birlik, yardılmlaşma səyini ortaya qoyacaq”.
Seymur ƏLİYEV