“Əgər indiki vəziyyətdə dünyanın ən böyük 8 ölkəsinin liderləri yığışıb dünyanın qlobal problemlərini müzakirə edərkən, onun həll yollarını axtararkən Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirirlərsə, onlar arasında həmsədr ölkələrin ”“ Rusiya, ABŞ və Fransa prezidentləri bununla bağlı bəyanat qəbul edirlərsə, bu, bir daha onu göstərir ki, bu münaqişə dünya üçün bir problemdir. Azərbaycan prezidenti də bunu dəfələrlə qeyd edib”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
O qeyd edib ki, “G-8” sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi Azərbaycan prezidentinin dediklərinin təsdiqidir: “Həmsədr ölkələrin rəhbərləri artıq dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi qısa müddətə həll olmasa, həqiqətən dünyəvi fəlakətə çevriləcək. Mən hələ o ərazinin narko təsərrüfata çevrilməsindən danışmıram. Ora əfqan narkotikinin beynəlxalq tranzit marşrutuna çevrilib. Orada elə həmin narkotik hesabına terror qruplar yetişdirilir və dünyanın müxtəlif bölgələrinə göndərilir. Bunu dərk edən dövlətlər artıq görürlər ki, bu hal getdikcə onların özləri üçün də fəlakətə çevrilə bilər. Biz BMT-nin bununla (narkotik) məşğul olan Vyana ofisinə yenə müraciət göndərməyi planlaşdırırıq və hesab edirik ki, problemə artıq ciddi diqqət yetirəcəklər. Müraciət edəcəyik ki, Dağlıq Qarabağda, işğal olunmuş bütün torpaqlarımızda monitorinqlər aparılsın, bu məsələ BMT-nin sənədlərində öz əksini tapsın ”.