Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü tamam olur.
Bəs ölkəmizin qazandığı müstəqillik, bu müstəqillik uğrunda aparılan mübarizə, verilən qurbanlar Azərbaycan ədəbiyyatında yetərincə öz əksini tapıbmı?
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bu məsələdə xeyli problemlərin olduğuna diqqət çəkdi:
“Düşünürəm ki, bu məsələyə ədəbiyyatımızda lazımınca diqqət göstərilməyib. 1988-1992-ci il hərəkatı, Cümhuriyyətin bərpası tarixi ümumiyyətlə nə ədəbiyyatda, nə ekranlaşdırmada, nə maarifləndirmədə, nə də elmi araşdırmalarda özünü lazımınca göstərmir.
Sovet dönəmində 1917-ci ildən birdən-birə 1920-ci ilə keçilirdi. Yuxarıda qeyd etdiyim dönəm də elmi araşdırmaların əksəriyyətində özünü əks etdirməyib. AMEA-nın ərsəyə gətirdiyi araşdırmalarda da buna şahid olmaq mümkün deyil. Dövlət siyasəti və dövlət himayəsi altında olan AYB də bununla bağlı müsabiqələr, yarışlar, həvəsləndirmələr mövcud deyil. Həmin quruma üzv olmayan yazıçı qrupu isə qeyd olunan dövrə ironiya ilə yanaşır. Onlar bu dövrün böyüklüyünü nə lazımınca dərk edir, nə də bunu ədəbiyyatda əks etdirməyə çalışırlar. Təəssüflər olsun ki, mövcud reallıq bundan ibarətdir”.
Seymur ƏLİYEV