Azərbaycan ordusunun son təlimləri, bu təlimlərdə düşmənə verilən mesaj Ermənistanda ciddi vahiməyə səbəb olub.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, təlim əsnasında ordumuzun Şuşa ilə bağlı verdiyi mesaj Ermənistanın həm hazırkı, həm də sabiq deputatları tərəfindən həyəcanla qarşılanıb. Bu mesajı Azərbaycanın “təcavüzkar”, “savaşa meyilli” dövlət olması faktı kimi təqdim edən erməni millət vəkilləri, Azərbaycanın onlara münasibətdə “yaxşı niyyətdə” olmadığını bildiriblər.
Sabiq deputatlardan Naira Karapetyan isə ordumuzun təlimləri əsas gətirərək Azərbaycanı “xalqları sülhə hazırlamaq” prinsipinə əsla yaxınlaşmamaqda ittiham edib. Karapetyan həmçinin Ermənistanın bundan nəticə çıxarmalı olduğunu bildirib və qeyd edib ki, sülhə Ermənistanın birtərəfli şəkildə hazırlaması mümkün deyil.
Göründüyü kimi, torpaqları işğal edilən ölkəmizin ordusunu gücləndirməsi, qoşunlarımızın təlimlər keçirməsi və işğaldakı torpaqları azad edəcəyi ilə bağlı mesaj verməsi Ermənistan tərəfindən “anormallıq”, “təcavüzə meylilik” kimi dəyərləndirilməkdədir. Əslində isə, Ermənistanın düşünməli və cavablandırmalı olduğu əsl sual başqadır: Vətən sevgisi və düşmənə nifrət ruhuyla silahlanan, İrəvana qədər yol almaq qüdrətinə malik olan bu ordu üçün Şuşa həqiqətən də sonuncu dayanacaq olacaqmı?
Seymur ƏLİYEV