Teatr və kinonun xalqın mədəni həyatında mühüm rol oynadığı hər kəsə məlumdur. Bəs tetarlar yüksək keyfiyyətə malik bədii əsərlərlə – pyes və dramlarla təmin olunurmu? Teatrlara təqdim edilən əsərlərin keyfiyyət göstəricisi aktyorları nə dərəcədə qane edir?
Modertor.az-a açıqlama verən görkəmli aktyor, xalq artisti İlham Namiq Kamal mövcud durumu qənaətbəxş hesab etdiyini vurğuladı:
“Hesab edirəm ki, bu sahədə hər hansı problem yoxdur. Məsələn, dünən Faiq Sücəddinovun “Mən dəyərəm min cavana” musiqili komediyası idi. Zal ağzına kimi dolu idi. Martın 10-da, Azərbaycan Teatr Günündə Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası idi. Zalda bir dənə də olsun boş yer yox idi. Martın əvvəlində Emin Sabitoğlu və Cahangir Məmmədovun “www.ferzeli-kef.com” musiqili komediyası idi. Yenə də zalda yer yox idi. Bunlar bilavasitə mənim iştirakımla olan əsərlərdir.
Martın 22-də Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən” əsəri təqdim ediləcək. Mən bu tamaşada baş rolda oynayacam. Artıq mənə məlumat veriblər ki. bir dənə də olsun bilet yoxdur. Belə olan halda necə deyə bilərəm ki, teatra maraq yoxdur və ya teatra təqdim edilən əsərlərin keyfiyyəti yüksək deyil? Əgər bu əsərlər yüksək keyfiyyətə malik deyilsə, necə olur ki, zalda boş yer tapılmır?
Bu yaxınlarda Sabit Rəhmanın eyni adlı əsəri əsasında “Əliqulu evlənir” komediyası təqdim olunacaq. Musiqisini Oqtay Rəcəbov yazıb. Bunun da məşqlərinə başlayacayıq.
Rəhman Əlizadənin “Bizim Don Kixot əsəri tamaşaya qoyulacaq”. Mən Don Kixot rolunda oynayacam. Rejissor Qurban Məsimov, mahnıların bəstəkarı isə Vüqar Camalzadədir”.
Hesab edirəm ki, hər bir sənətkar sənəti də xalqı da sevməlidir. Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz. Bunu heç vaxt unutmaq olmaz”.
Seymur ƏLİYEV