Təxminən iki həftədən sonra Xocalı faciəsinin növbəti ildönümü qeyd olunacaq. Bəs Azərbaycan tarixinin bir hissəsi olan bu hadisənin musiqimizdə də öz əksini tapması, yaşadılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən Xalq artisti Akif İslamzadə xalqın tarixinin sadəcə musiqidə deyil, bütün sahə və müstəvilərdə əks olunmasının vacibliyini vurğuladı:
“Bu tarix nəinki musiqidə, xalqın bütün yaşamında öz əksini tapmalıdır. Biz bu faciəni, yaşadığımız bu keçmişi unutmamalıyıq. Lakin bununla yanaşı, matəm ruhundan çıxmaq, bəzi faciələri bir qəhrəmanlıq hadisəsi kimi qeyd etmək lazımdır. Sovet dönəmində hər il mayın 9-u böyük bayram kimi qeyd edilirdi. Baxmayaraq ki, SSRİ 25 milyon itki vermişdi.
Yaşadığımız faciələr həm də tariximizin qızıl salnamələridir. 20 Yanvar hadisəsi xalqımızın böyük qəhrəmanlıq tarixidir. Azərbaycanın müstəqiliyinə gedən yol məhz 20 Yanvardan keçir. Məhz həmin tarixi günlərdə xalq bir daha əmin oldu ki, Azərbaycanın SSRİ tərkibində qalması mümkün deyil.
Xocalı soyqırımını da daim yadda saxlamaq, unutmamaq lazımdır. Hər kəs keçmişimizdə baş verən bu soyqırımını bilməlidir və gələcəkdə bu cür hadisələrin təkrarlanmasına yol verməmək üçün daim ayıq-sayıq olmalıdır”.
Seymur ƏLİYEV