Moderator.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq nağılları ilə bağlı bir-birindən maraqlı kitabların müəllifi Vüqar Haqverdiyev tərəfindən bir müddət öncə azyaşlılar arasında keçirilən “Müasir Uşaq Nağılları” müsabiqəsi başa çatıb. Müsabiqə yekununda əsas və həvəsləndirici yerlərin qaliblərinə sertifikatlar təqdim edilib.
Bundan başqa, I yer tutan iştirakçıya “Müasir nağıllar” kitab dəsti, II yer tutana “Sehrli planşet”, “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları, III yerin qaliblərinə isə “Qızıl balıq”, “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları hədiyyə edilib. Həvəsləndirici yer tutan iştirakçılara isə “Qarınqulu ayı balası” və “Şir südü” nağıl kitabları hədiyyə olunub. Məlumat üçün qeyd edək ki, sözügedən nağıl kitablarının müəllifi Vüqar Haqverdiyevdir.
Onu da qeyd edək ki, V.Haqverdiyev bundan öncə də azyaşlıları ədəbi yaradıcılığın bu növünə həvəsləndirmək üçün müxtəlif layihələr həyata keçirib, balaca istedadlıların müəyyənləşməsi istiqamətində böyük əmək sərf edib.
Biz də redaksiya olaraq bütün iştirakçıları, habelə V.Haqverdiyevi uğurlu layihə münasibəti ilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Seymur ƏLİYEV