Bu günlərdə Ermənistan-qondarma Dağlıq Qarabağ “Respublikası”nın müdafiə nazirlikləri ilə Azərbaycanın Müdafiə Nazirliyi bir-birlərinin ünvanına növbəti dəfə hədə-qorxu dolu bəyanatlar səsləndirib. Daha doğrusu, erməni tərəfinin təxribat və reallıqdan uzaq bəyanatını cavablandıran Azərbaycanın Müdafiə Nazirliyi ordumuzun düşmənə ciddi zərbə vurmaq imkanına malik olduğunu, erməni tərəfinin bu gerçəkliyi unutmaması gərəkdiyini qeyd edib.
Tərəflər arasında səslənən qarşılıqlı təhdidlər Qarabağ probleminin həlli ilə bağlı mövcud vəziyyət haqqında nə deyir? Bütün bu bəyanatlar Qarabağ probleminin danışıqlar yolu ilə həlli ehtimalının hələ də zəif olduğunu düşünməyə əsas verirmi?
Moderator.az-a açıqlama verən siyasi şərçi Şahin Cəfərli ötən illə müqayisədə Qarabağ məsələsində ciddi bir dəyişikliyin baş vermədiyinə diqqət çəkdi:
“Dağlıq Qarabağ probleminin ən başlıca xüsusiyyəti budur ki, münaqişə tərəfləri bu ixtilafın həllində öz iradələri əsasında hərəkət etmək imkanından məhrumdur. İstər Azərbaycanın, istərsə də Ermənistanın münaqişənin həlli istiqamətində müstəqil şəkildə addım atmaq, müstəqil qərar vermək imkanı məhduddur. Zatən konfliktin bu qədər uzanmasının təməl səbəbi də budur. Əgər tərəfləri, xüsusən də Azərbaycanı tormozlayan kənar faktorlar olmasaydı, yəqin ki, ya sülh, ya da hərb yolu ilə bu problem indiyədək həllini tapardı. Bir az da keçmişə getsək, nəzərdə tutduğum həmin faktorlar olmasaydı, bəlkə də bu münaqişə heç yaranmayacaqdı. Ona görə də, hazırda müşahidə etdiyimiz qarşılıqlı ittiham və hədələri mən hansısa yeni, əvvəlkindən çox fərqli situasiyanın təzahürü və nəticəsi kimi qiymətləndirməzdim.
Biz ötən il problemin həllinə nə qədər yaxın və uzaq olmuşuqsa, bu gün də o qədər uzaq və yaxınıq. Danışıqlar ölü nöqtədə deyil, müəyyən tərpəniş, irəliləyiş var. Amma bunlar hələ ki, hərtərəfli nizamlanma mərhələsinə keçmək üçün yetərli baza yaratmır. Nizamlanma prosesi o vaxt real olaraq başlayar və sürətlənər ki, hər üç həmsədr ölkə əvvəlcə öz aralarında anlaşıb, münaqişənin həllinə qərar versinlər, daha sonra isə münaqişə tərəflərinə təzyiq göstərsinlər və onları sülhə məcbur etsinlər. Azərbaycanın da, Ermənistanın da bu 3 böyük gücün basqılarına tab gətirmək imkanı yoxdur. Bu 3 dövlət anlaşıb, qəti qərara gəlmədən mən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli ehtimalını çox zəif sayıram”.
Seymur ƏLİYEV