İnsan alverinə qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri davam edir. Qeyd etdiyimiz kimi mövcud profilaktik və xəbərdarlıq tədbirləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Planının tələblərinin yerinə yetirilməsi məqsədini daşıyır.
Növbəti tədbir Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 20 aprel 2018-ci il saat 11:00-da Lənkəran Dövlət Universitetində pedoqoji və tələbə kollektivinin, KİV nümayəndələrinin, Lənkəran Rayon Polis Şöbəsi rəisin şəxsi heyət üzrə köməkçisi Elsevər Məmmədovun və müvafiq xidmət sahələri üzrə polis əməkdaşlarının, rayon ictimai fəallarının, Səhiyyə, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin yerli struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.
Tədbiri giriş sözü ilə Universitetin prorektoru dosent Kamran Kazımov açmış, sonra məruzə üçün söz “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevə verilmişdir.
Şəmsəddin Əliyev insan alverini doğuran səbəb və şərait, onun aradan qaldırılması, əhalinin, daha çox gənc nəslin maarifləndirilməsi və bu sahədə polis orqanlarına ictimaiyyətin dəstəyini təmin etməklə bağlı geniş məlumat vermişdir.
O, insan alveri ilə mübarizənin əsas məqsədi, insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyü və məqsədi istiqamətində çıxışını davam etdirmiş, cəmiyyətdə şəxsiyyətin inkişaf səviyyəsinin təhsillə, vətəndaş mövqeyi və fərdin siyasi düşüncəsi (həm də sosial) ilə bilavasitə əlaqədar olduğunu diqqətə çatdırmış, insan alveri cinayətləri, vətəndaşların iradə azadlığı barədə məlumatı olmayan şəxslərin maarifləndirilməsi və ictimai münasibətlərə zidd halların qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış, “Savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir.” - deyərək çıxışını bitirmişdir.
Tədbirdə Lənkəran Şəhər Polis Şöbəsinin rəis köməkçisi Elsevər Məmmədov Şəhər Polis Şöbəsinin cinayətkarlıqla mübarizənin vəziyyəti barədə lakonik məlumat vermişdir.
Sonda “İnsan Alveri ilə Mübarizə” haqqında video-çarx nümayiş etdirilmiş və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Layihə ərtafında maarifləndirmə tədbirləri 30 aprel 2018-ci il Sumqayıt Dövlət Universitetində, 02 iyun 2018-ci il Nərimanov RPİ-də, 23 iyun 2018-ci il Sabunçu RPİ-də davam etdiriləcək.
P.S.Xatırladaq ki, Şəmsəddin Əliyev həm də Mətbuat Şurasının icraçı katibidir.