Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Moderator.az-a müsahibəsində dünən gecə Türkiyədə törədilmiş partlayışlarla bağlı sualları cavablandırıb.
- CNN Türkün Ankara təmsilçisi Hande Fırat canlı bağlantı zamanı söylədi ki, 20 gün əvvəl terror ola biləcəyi haqqında dövlət rəsmilərinə məlumat verilmişdi. H.Fırat haqlıdırsa, nəyə görə qabaqlayıcı tədbirlər görülməyib?
- Atatürk hava limanında baş verən partlayış haqqqında qarşıdakı günlərdə hələ çox şeylər danışılacaq. Türkiyə son bir ildə Suriyaya çevrilib. Müxtəlif mənbələrdən bu və bundan öncəki partlayışlarla bağlı dövlət rəsmlərinə məlumatlar verilmişdi. Burada önəmli olan isə məxfi məlumatların gəlməsi deyil, qabaqlayıcı tədbirlərin görülməsidir. Hande Fıratın dediyi kimi, belə bir partlayışın olacağı bildirilib, ancaq nə zaman və harada, kimlər tərəfindən həyata keçirələcəyi dəqiq məlum deyildi. Bu və buna bənzər bir çox məlumatlar yayıldığı üçün dövləti idarə edənlərin də ağlı qarışır. Burada partlayışla bağlı məxfi məlumatlardan əsas olan önləyici tədbirlərin görülməsi idi. Təəssüf ki, Türkiyə bu məsələdə aciz qaldı.
- Türkiyədə bu terror hadisələrinin İŞİD tərəfindən törədildiyi ehtimal olunur. Siz bu barədə necə düşünürsünüz?
- İŞİD-in xüsusilə belə bir hadisə törədəcəyi gözlənilirdi, təxmin edilirdi. Ancaq dövlət rəsmiləri qəfil ovlandılar. Əhməd Davudoğlunun baş nazir postundan getməsi ilə Türkiyə daxili və xarici siyasətdə yeni axtarışlara başladı. Bu axtarışların başında da Türkiyənin Rusiya və İsraillə münasibətlərinə yenidən baxılması dururdu. İŞİD bu anlaşmaları pozmaq üçün, poza bilmədiyi təqdirdə intiqam almaq üçün İstanbuldakı partlayış hadisələrini törətmiş ola bilər.
İŞİD-in törətdikləri adi hal kimi dəyərləndirilsə, problem həll oluna bilməz. Bu hadisə tamamən Türkiyənin xarici siyasəti çərçivəsində atmış olduğu addımların qarşısını almaq, hətta cəzalandırmaq üçün törədilib. Bu hadisənin arxasında bir çox dövlətin olma ehtimalı var.
- Hakan bəy, Türkiyə Rusiya ilə dalaşanda da terrora mərzu qaldı, barışanda da. Türkiyə bu məsələdə əvvəldən necə davranmalıydı?
- Türkiyə Rusiya münasibətləri regional tarazlıqlar baxımından son dərəcə önəmlidir. Ukrayna böhranı prosesində Türkiyənin pulsuz qalması bir çox dövlət tərəfindən qınanmışdı. Türkiyənin Suriyada qərb bloqu ilə birlikdə hərəkət edərək tətbiq etdiyi siyasətlərin eynisini Ukrayna məsələsində də tətbiq edəcəyi gözlənilirdi, amma Türkiyə bu dəfə məsələdə tərəfsiz qalaraq Qərb blokunu gözləntilərinə cavab verməmişdi. Türkiyənin Suriyada Qərb bloku ilə hərəkət etməsi Ukraynada davam etmədiyinə görə, Rusiya ilə Türkiyə əlaqələrini pozmaq üçün hərəkətə keçilib.
Rusiyanın İran ilə razılaşaraq Suriyada hava hərəkatına başlaması və o dövrdə ABŞ-a hərbi bazalarını açmasıyla Türkiyə İŞİD-in açıq hədəfinə gəldi. Qatar stansiyasının partlamasında ölənlərə görə Rusiyaya, Türkiyəyə və Türkiyə üzərindən ABŞ-a mesaj olacaq hadisələr törədilmişdi.
24 noyabr təyyarə hadisəsindən sonra Rusiyaya yaxınlaşmağa çalışan PKK dövrəyə girdi və Türkiyədə böyük hadisələr törətdi. Yəni, TürkiyəRusiya ilə münasibətləri kəsərkən, PKK ilə münasibətləri düzəldərkən, İŞİD də Türkiyədə bildiyini elədi.
- Terror hadisəsində Türkiyənin Rusiya ilə barışmasını istəməyən Qərb ölkələrinin xüsusi xidmət orqanlarının əli ola bilərmi?
- Suriyadan sonra Türkiyə açıq terror sahəsinə çevrildi və hər bir dövlət Türkiyəyə qarşı terror fəaliyyətini artırıb. Yaxın günlərdə terror hadisələri arta bilər. Qabaqlayıcı kəşfiyyat məsələsində əli çox zəif olan Türkiyənin təcili olaraq İsrail və Rusiya ilə barışması lazımdır. Bu baş verməzsə, Türkiyədə böyük sıxıntılar yaşanacaqdır.
- Azərbaycanlı politoloq Cümşüd Nuriyev Türkiyə üçün çıxış yolunu Ərdoğanın istefasında görür. Bu fikrə münasibətinizi də bilmək istədik...
- Ərdoğana qarşı böyük bir cəbhə yarandı ki, bunda Ərdoğanın mövqeyi də təsirli oldu. Ərdoğan getsə, işlər düzələr demək çox məqsədə uyğun deyil. Amma işlərin bu hala gəlməsində AKP rəhbərliyinin təsiri çoxdur.
Rumiyyə MİRASLAN