Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən sonra Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Ukrayna ərazini müdafiə sıralarına qoşulub.
Moderator.az xəbər verir ki, Ponomaryov Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə müsahibəsində Kiyevdə nə etdiyi, rus elitası nümayəndələrinin Ukraynadakı müharibəyə münasibəti və gələcəkdə Vladimir Putinsiz Rusiyanı necə gördüyü ilə bağlı öz fikirlərini bölüşüb.
- Rusiyada Dövlət Dumasının deputatları, siyasətçilər, iş adamları ilə əlaqə saxlayırsız? Onlar Ukraynadakı müharibə haqqında həqiqətən nə düşünürlər?
- Dövlət Dumasında həqiqətən danışmağa dəyər verəcəyim həmkarlarımın böyük əksəriyyəti artıq yoxdur. Onları Dumadan sıxışdırıb çıxarıblar. Amma təbii ki, mən Rusiya elitasının bir çox nümayəndələri - həm hökumət üzvləri, həm parlament, həm də hüquq-mühafizə orqanlarının ayrı-ayrı şəxsləri ilə mümkün qədər sıx əlaqələr saxlayıram. Və deyə bilərəm ki, dövlət elitası, xüsusən də hakimiyyət dairələri hazırda baş verənlərdən şokdadırlar.
Özlərini texnokrat adlandıran və heç nəyə təsir edə bilməyən bu insanlar öz işlərini vicdanla görürlər. Bu mənada Almaniyada İkinci dünya müharibəsi zamanı baş verənlər arasında təbii ki, ciddi paralellik var. Amma baş verənlərlə bağlı bu mühitdə narazılıq səviyyəsinin, mənim fikrimcə, orta Rusiya cəmiyyəti səviyyəsindən yüksək olması şübhəsizdir.
- Sizcə, Rusiya Putindən sonra necə olacaq? Liberal müxalifətin şansı varmı?
- Bu sualın cavabı tamamilə hansı dəyişikliklərin baş verəcəyindən asılıdır. Düzünü desəm, mən Rusiya cəmiyyətinin liberal hissəsinin bu dəyişikliklərdə iştirak etmək imkanını görmürəm. Amma mən özümü liberal müxalifət hesab etmirəm. İnanıram ki, dəyişikliklər çox güman ki, ikitərəfli hərəkətın nəticəsində baş verəcək: bir tərəfdən aşağının təzyiqi altında hərəkət edəcək elitanın, digər tərəfdən isə əsasən solçu və millətçi baxışll tərəfdarların hərəkəti ilə.
Bu cərəyanlardan hansı daha çox çəki qazanıb nəticədə hökumətə çevriləcək? Bunu demək mənim üçün çox çətindir. Təbii ki, onun müasir, avropapərəst, beynəlmiləlçi hökumət olması üçün əlimdən gələni edəcəyəm. Ancaq bunun üçün mübarizə aparılmalıdır.
- Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hər zaman Kiyevdə qalmısınız? Nə ilə məşğul olursunuz?
- Bəli, mən əvvəldən buradayam. Mən əvvəlcə ərazi müdafiəsi sıralarına qoşuldum. Sonra qərara gəldik ki, indi ən vacib məsələ Rusiya auditoriyası ilə işləməkdir və “Fevral səhəri” adlı böyük media layihəsini həyata keçirdik. Fevral, çünki fevralda Ukraynada müharibə başladı və 1917-ci il inqilabı da fevralda olmuşdu.
Bu telekanalın və “Telegram”dakı kanalın köməyi ilə biz Rusiyanın daxilindəki tamaşaçılarla əlaqə saxlayır, bu dəhşətli müharibə haqqında həqiqəti deyirik. Və çox qürurluyuq ki, birbaşa Kiyevdən, hadisələrin qaynar nöqtəsində işləyən və eyni zamanda Rusiya auditoriyası ilə əlaqə saxlayan yeganə rusdilli mediayıq. Çoxlarının ünsiyyətdə olduğu rus mühacirləri ilə deyil, məhz Rusiyadakı rusiyalılarla - auditoriyamızın dörddə üçündən çoxu ölkə daxilində yaşayan insanlardır.
- Hazırda Ukraynada olarkən nə hiss edirsiniz?
- İndi ən vacib məsələ bu müharibəni dayandırmaq, Putinin qoşunlarını qırmaq, Ukraynanı azad etməkdir. Hesab edirəm ki, Putinin “Kaşşey iynəsi”, Putin rejiminin məğlubiyyətinin açarı məhz burada, Kiyevdədir və bu müharibə də bunu sübut edir. İndi bizim vəzifəmiz bu açarı tapmaq, onu bərk-bərk saxlamaq və nəhayət, insanlıqdan uzaq qanlı və cinayətkar rejimin çökməsi üçün onu çevirməkdir.
- Ukraynada bundan sonra da qalmagı düşünürsünüz?
- Təbii ki, mübarizə apardığım üçün buradayam, döyüşməyə davam edirəm və getdikcə daha çox rusiyalılar da mübarizə aparmaq üçün buraya gəlirlər. Belə adamları burada qucaq açaraq, bürokratik əngəllər olmadan qarşılayırlar, amma buna baxmayaraq, mənim bu mənada millətlərarası problemim yoxdur. Mən sizinlə rus dilində danışıram, telekanalımız rus dilində fəaliyyət göstərir və ona görə də əminəm ki, ukraynalılarla çiyin-çiyinə bu müharibədə qalib gələcəyik və Putinin yeri təkcə tarixin zibilliyi olmayacaq - o, bu müharibədən sağ çıxa bilməyəcək.
Tərcümə və təqdim etdi: Miraslan ƏZİZXANOĞLU