“Hələ də “Əhməd haradadır”, “Bir cənub şəhərində” qalmışıq” - Ayaz Salayevlə KİNO söhbəti
Mədəniyyət
1350
15 Apr 2026 | 14:44

“Hələ də “Əhməd haradadır”, “Bir cənub şəhərində” qalmışıq” - Ayaz Salayevlə KİNO söhbəti

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayev cavablandırıb. Mövzu kinomuzun bugünkü vəziyyətidir.

- Ayaz müəllim, bu günlərdə rəhmətlik Rasim Balayevin bir çıxışını gördüm. Deyir ki, o dövrdə filmlərə çəkilməklə bəxtim gətirib, indi olsaydı, “Sədərək” bazarında alver etməyə məcbur qalardım. Ancaq bu gün gənc rejissorlar var ki, fərqlənməyə çalışırlar. Sizcə, Azərbaycan kinosunda böhrandır, yoxsa dünyada bu vəziyyətdir?

- Bu sualın ətraflı cavaba ehtiyacı var. Ümumiyyətlə, dünya kinosunda böhrandır və deqradasiya gedir. Sadəcə, dünyada olan böhranın bizə aidiyyatı nə qədərdir, bu məsələ var. Çünki bu gün müstəqil ölkəmiz tarixi günlər yaşayır və bilməliyik ki, mədəniyyətimiz hansı yolla gedəcək. Biz uzun müddət sovet - rus dövlətinin içərisində və təsirində olmuşuq. İndi düşünməliyik ki, milli mədəniyyət hansı yolla inkişaf etməlidir... Əfsuslar olsun ki, bu barədə ciddi düşünənlər azdır. Əslində, Orta Asiyada və bütün postsovet ölkələrində eyni vəziyyətdir. Rəhmətlik Rasim Balayev isə o dövrə aid kinomuzu tərifləyirsə, bu da o qədər həqiqətə uyğun deyil. Məsələn, “Nəsimi” filmi Azərbaycandan başqa heç kəsə lazım deyil. Film göstərir ki, Nəsimi Azərbaycanın protoziyalısıdır. Nəsimi dahi sənətkardır, ali bir adamdır. Sadəcə, söhbət o filmdən də getmir. Baxın, bu il aprelin 20-də Azərbaycanda çox yaxşı bir filmin 90 illiyidir. Ancaq bu filmi çoxu tanımır. Halbuki tənqidçilər, nəzəriyyəçilər, rejissorlar onu dünyanın 10 ən nüfuzlu film siyahısına salıblar. Britaniyanın “Sun” jurnalı da 10 ən yaxşı film siyahısına daxil edib. Yəni intellektualların sevimli filmidir.

- Söhbət hansı filmdən gedir?

- İndi adını deyəcəyəm. Və deyim ki, bu film Almaniya, Fransa kinosuna təsir edib. Bizdə isə demək olar ki, heç kim həmin Azərbaycan filminə baxmayıb. Söhbət “Mavi dənizin sahilində” kinosundan gedir. Film 1935-ci ildə çəkilib, rejissorları Boris Barnet və Səməd Mərdanovdur. Səməd Mərdanov kinomuzda əfsanədir. Ancaq heç kim onu da, filmi də tanımır. Onu demək istəyirəm ki, sənət ayrıdır, sənət dəyərləri ayrıdır, bizim təsəvvürlərimiz fərqlidir. Yəni bu gün o filmlər sevilir ki, Azərbaycandan kənarda lazım deyil, “Mavi dənizin sahilində” kinosu isə 90 ildir baxılmır.

- Bəlkə bu günün tamaşaçısı, bu dövrün insanı fərqlidir. Bunu nəzərə almaq lazım deyilmi?

- Əlbəttə, ictimai şüur, intellektual səviyyə məsələsi var. Ancaq kino milli mədəniyyətin bir hissəsidir. Bu, ədəbiyyata, musiqiyə, təsviri sənətə də aiddir. Bu 30 ildə yeni opera yaranıbmı? Mən deyə bilmərəm ki, gənc nəsil böyük sənət adamları yetişdirə bilməz. Amma buna ümid edirəm. Sadəcə, qarşımıza məqsəd qoymalıyıq. Misal üçün muğam yenə inkişaf edir. Yəqin ki, genetik faktor var. Hər halda, muğam məzmunlu inkişaf edir. Amma qalan sahələr isə belə deyil. Bir daha qeyd edirəm, bunu Orta Asiya da fikirləşmir. Ancaq Azərbaycan olaraq tarixi günlər yaşadıq, torpaqları qaytardıq. Ona görə də tarixi xalqın mədəniyyəti də tarixi olmalıdır. Çünki kinoda nə pul, nə şöhrət olmalıdır. Kinoda dəyər vacibdir. Birinci yerdə sənət əsəri yaratmaq məqsədi gəlməlidir. Bu gün Polşanın "Kül və almaz" filminə baxan hər bir polyak özünü orada görür. “Əsgər atası” filminə baxan hər bir gürcü özünü orada hiss edir. Yaxud “Heç kim ölmək istəmədi” filmində bir litvalı özünü orada görür. Ancaq biz hələ də “Əhməd haradadır”, “Bir cənub şəhərində” qalmışıq. Başında “kepka” olan iki nəfərin ortasında bir rus qızı “sülhməramlı” kimi dayanıb. Yəni bizdə də budur…

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər