“Bu ziddiyyətlərin həll yollarından biri İsrailin Yunanıstandan vaz keçib üzü Türkiyəyə tərəf dönməsidir...”
Ekskluziv
412
12:02, Bu gün

“Bu ziddiyyətlərin həll yollarından biri İsrailin Yunanıstandan vaz keçib üzü Türkiyəyə tərəf dönməsidir...”

“İsrailin “İMEC” xəttində avantajlar qazanmağa çalışması təkcə İranı deyil, həm də Türkiyənin maraqlarını təhdid edir. Çünki “İMEC” layihəsi Türkiyənin Körfəz ölkələrinin təbii sərvətlərinin Suriya və İraq üzərindən bu ölkəyə və Avropaya daşınmasının da qarşısını kəsir...”
 
“Ümid edirəm ki, Türkiyə ilə İsrail əvvəl-axır yenidən birgə fəaliyyətə qayıdacaq və bu gərginliyə də son qoyulacaq...”
 
“ABŞ+İsrail-İran münaqişəsi hələ həllini tapmadığı bir şəraitdə Türkiyə ilə İsrail liderləri arasında gündən-günə artan gərginliyi necə təhlil edərdiniz? Bu nələrlə nəticələnə bilər?” sualı ilə müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, Türkiyə ilə İsrail arasında gərginliyin çox ciddi fundamental əsasları var və o əsaslar aradan qalxmayana qədər gərginliklər də davam edəcək: 
“Başlıca əsaslardan biri hər iki ölkənin eyni regiondan keçən və ya keçməsi planlaşdırılan ticarət dəhlizlərinə iddia etməsidir. Yəni həm İsrail, həm də Türkiyə Asiya ilə Avropanı birləşdirən ticarət xəttinin öz ərazisindən keçməsini istəyir. İsrailin qurmağı planlaşdırdığı dəhliz “İMEC” (Hindistan-Yaxın Şərq-Avropa) xəttidir. Bu xətt Hindistandan başlayıb BƏƏ-ni keçərək Səudiyyə Ərəbistanına, ordan isə İordaniya və İsraili keçərək Yunanıstana uzanır. Çinin “Bir yol- bir kəmər” dəhlizinə alternativ olaraq düşünülən “İMEC” layihəsinin qarşısında bəzi ciddi problemlər dayanır... 
 
Əvvəla, bu dəhlizin işləməsi üçün mütləq ərəb-yəhudi dostluğu yaranmalıdır. Fələstin məsələsi öz həllini tapmalı, regionda sülh rüzgarları əsməlidir. Trampın ilk hakimiyyəti dövründə bu məqsədlə ortaya “İbrahim anlaşmaları” ideyası atıldı. Həmin ideyanın əsas məğzi bundan ibarət idi ki, ərəblərlə yəhudilər eyni atadan – İbrahim peyğəmbərdən gəlirlər. Dolayısıyla qardaş millətlərdirlər. Onlar birgə fəaliyyət göstərib vahid düşmənə, məsələn, İrana qarşı mübarizə apara bilərlər. 2023-cü ilin sentyabrında Hindistanda keçirilən “G-20” zirvəsində bu ideyanın tələbləri çərçivəsində BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail arasında müvafiq niyyət protokolları belə, imzalandı. Amma üzərindən heç 1 ay keçməmiş “HƏMAS” adına “Qəzza tufanı” dediyi məşhur əməliyyatı keçirdi. 7 oktyabr 2023-cü ildə həyata keçirilən bu əməliyyat Fələstində indiyədək görünməmiş böyük bir savaşın başlanmasına səbəb oldu. İsrail bu əməliyyatın arxasında dayanan qüvvənin İran olduğuna qərar verdi və əvvəl onun proksi-qüvvələrini təmizləməyə, daha sonra özünə qarşı mübarizə aparmağa çalışdı. Nəticə etibarilə, İranın üzərində dayandığı Fars körfəzi mərkəzli ticarət xətti də təhlükə altına girdi. Məlumdur ki, ABŞ hazırda Hörmüz boğazını bağlayaraq, İranın can damarlarını da sıradan çıxarmaq istəyir. Artıq bu istiqamətdə çox mühüm irəliləyişlərə imza atmış sayılır...
 
İsrailin “İMEC” xəttində avantajlar qazanmağa çalışması təkcə İranı deyil, həm də Türkiyənin maraqlarını təhdid edir. Çünki “İMEC” layihəsi Türkiyənin Körfəz ölkələrinin təbii sərvətlərinin Suriya və İraq üzərindən bu ölkəyə və Avropaya daşınmasının da qarşısını kəsir. Ankara Avropa və region ölkələri üçün daha rentabelli dəhlizlər təklifi ilə çıxış edir. Söhbət həm də Qətər qazının Səudiyyə və Suriya üzərindən Türkiyəyə nəqlini nəzərdə tutan enerji marşrutundan gedir. Bundan əlavə, Ankara Hindistandan başlayıb Oman-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə-Avropa ticarət yolu üzərində də işləyir. Onun əlində bu projeni reallaşdırmağa imkan verən başqa “kozırlar” da var. Hələ 1900-lərin əvvəlində çəkilən və Osmanlının çökməsi ilə inşası dayandırılan Hicaz dəmir yolunun yenidən bərpası kimi layihələr Türkiyənin avantajlarını artıran amillərdəndır... 
 
Digər tərəfdən, Küveyt və İraq arasında münasibətlər normallaşarsa, hər iki ölkənin enerji daşıyıcılarının “Qalxınma Yolu” layihəsi üzərindən Türkiyəyə və Avropaya nəqlini də həyata keçirmək mümkün olacaq...”
 
Analitik hesab edir ki, bütün bu avantajlar İsrail və Türkiyə arasında getdikcə alovlanan ziddiyyətdə qardaş ölkənin əlini gücləndirən xüsuslardır:
 
“İki dövlət arasında ziddiyyətin digər səbəbi İsrailin ərəb dünyası ilə apardığı mübarizədir. İsrail özünün “vəd olunmuş ərazilərə qayıtmaq” hədəflərini bəhanə edərək, beynəlxalq layihələrin ev sahibinə çevrilməyi planlaşdıran ərəb ölkələri ilə savaşır. Bu da müsəlman dünyasında narazılıqlar yaradır və Türkiyənin öz dindaşlarının himayədarı kimi çıxış etməsinə şərait yaradır. Nəticədə əslində iqtisadi və yol uğrunda gedən müharibələrin din davası şəklində ortaya çıxmasına zəmin hazırlanır. Məhz bu səbəbdən də tərəflər dini motivləri ön plana çıxaraq bir-birilərinə qarşı sərt ritorikalardan istifadə edərək öz mövqelərini gücləndirirlər”.
 
Heydər Oğuzun fikrincə, bütün problemlər kimi, Türkiyə və İsrail arasındakı ziddiyyətlərin bitirilməsi üçün də həll yolları var: 
 
“Bu həll yollarından biri İsrailin Yunanıstandan vaz keçib üzünü Türkiyəyə tərəf döndərməsidir. Xüsusilə də İsrailin öz dəniz sahəsində çıxaracağı enerji daşıyıcılarını Türkiyə üzərindən Avropaya nəqli istiqamətində fikir birliyinə gəlmək mümkündür. Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında Türkiyə prezidenti R.T.Ərdoğanla İsrail Baş naziri B. Netanyahu arasında Nyu-yorkda yerləşən Türk Evində görüş keçirilmişdi. Bundan əvvəl isə İsrail prezidenti Ankaraya səfər etmiş və xüsusi təmtəraqla qarşılanmışdı. Üzərindən az keçməmiş baş verən “Qəzza fırtınası” əməliyyatı yenicə cücərməyə başlayan bu kövrək əlaqələri tamamilə bitirdi və bu dövlətləri yenidən düşmənə çevirdi. Ümid edirəm ki, Türkiyə ilə İsrail əvvəl-axır yenidən birgə fəaliyyətə qayıdacaq və bu gərginliyə də son qoyulacaq...”
 
Sultan Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər