"İnanıram ki, Şuşa ili Azərbaycan mədəniyyətinə sonsuz sayda mövzular verəcək. Yazıçılarımız, şairlərimiz, dramaturqlarımız Şuşanın tarixi, bu günü, gələcəyi haqqında əsərlər yaradacaqlar".
Bu sözləri Moderator.az-a açıqlamasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli "Şuşa ili" ilə bağlı danışarkən bildirib:
"Prezident, Ali Baş Komandan İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi bizim böyük qələbəmizin davamı, təntənəsidir. Bu həm də əsası yenə də Dövlət başçımız tərəfindən qoyulmuş dəyərli bir ənənənin yeni məzmunda davamıdır. Nəsimi ili, Nizami ili, nəhayət 28 illik işğaldan azad edilmiş Şuşaya həsr olunmuş Şuşa ili! Bu yerdə Şuşanın işğaldan azad edilməsi xəbərini xalqa çatdıranda Ali Baş Komandanın böyük fərəh hissi, dərin inam, qətiyyətlə və sonsuz sevinc hissi ilə Şuşaya xitab etdiyi müraciət yada düşür:
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!
Dillər əzbəri olan bu xitabın nə qədər real olduğunu Şuşada Vaqif poeziya günlərində iştirak edərkən əyani şəkildə gördüm və öz-özümə dedim: Bəli, Şuşa bu gün azaddır! Bəli, biz Şuşadayıq! Bəli, biz Şuşanı dirçəldirik!
Mən Prezidentin əsasını qoyduğu ənənədən danışıramsa, Nəsimi ilini yada salmaya bilmərəm. Xalqımızın əksər hissəsi Nəsimini Həsən Seyidbəylinin "Nəsimi" bədii filmindən tanıyırdı. Nəsimiyə həsr olunmuş il isə onu xalqa yenidən qaytardı, daha yaxından tanıtdı. Nəsimi qəzəlləri dillər əzbəri oldu. Onun yaradıcılığı daha dərindən, ətraflı tədqiq olundu, onlarla elmi əsər yazıldı, elmi konfranslar, kütləvi tədbirlər, müsabiqələr keçirildi. Elə fəaliyyət göstərdiyim Mədəniyyət və İncəsənət Universiteti Nəsimi ili ilə bağlı onlarla tədbirə ev sahibliyi etdi. Nəsimi əsərləri əsasında tamaşalar hazırlandı. "Nəsimi" baleti tamaşaya qoyuldu. Dramaturgiyamız da kənarda qalmadı. İlqar Fəhminin mükəmməl pyesi əsasında Mehriban Ələkbərzadənin "Yuğ" teatrında hazırladığı möhtəşəm "Mənəm, mən" tamaşasını Nəsimi ilinə həsr olunmuş bütün tədbirlərin bədii zirvəsi hesab etsək yanılmarıq.
Nəsimi ili haqqında fikirlərimizi Nizami ili haqqında da səsləndirə bilərik. Nizami bütün Şərqin, hətta dünyanın şairi olsa da, ilk növbədə Azərbaycan şairidir. Prezidentin 2021-ci ili Nizami ili elan etməsi dahi mütəfəkkirin 880 illiyinə həsr olunmaqla bərabər, Nizaminin Azərbaycan şairi olduğuna məqsədli şəkildə şübhə edənlərə tutarlı bir mesaj idi. Amma əsas məqsəd Nizamini daha dərindən öyrənmək, onun yaradıcılığı ilə bağlı qəsdən ya bilməməzlikdən baş vermiş təhrifləri, yanlışlıqları aradan qaldırmaq, Nizamini ilk növbədə özümüzə daha yaxşı tanıtdırmaq idi. Nizami elə bir dəryadır ki, onu sona qədər öyrənmək, dərk etmək mümkünsüzdür. Nizami ili ilə bağlı yüzlərlə elmi işlər yazıldı, beynəlxalq elmi konfranslar keçirildi, şairin əsərləri yenidən nəşr edildi, onların orijinaldan tərcümə edilməsi diqqətə alındı. Yazıçılarımız da Nizami ilində fəallıq göstərdilər. Teatrlarımız Nizami əsərlərini səhnəyə gətirməyə çalışdılar və əsasən buna nail oldular. Opera teatrında "Nizami" operası yenidən tamaşaya qoyuldu, Azdramada dramaturq Çingiz Ələsgərlinin M.S.Ordubadinin "Qılınc və qələm" romanı əsasında yazdığı "Qətibə İnanc" pyesinin tamaşası (rejissor Mərahim Fərzəlibəyov) uğurla göstərilməkdədir. Ümumiyyətlə, Nizami ilində teatrlarımızın əksəriyyəti şairin yaradıcılığı əsasında tamaşalar, kompozisiyalar nümayiş etdirdilər. Teatr sahəsində Nizami ilinin triumfu isə Akademik Milli Dram Teatrının səhnəsində İlqar Fəhminin pyesi əsasında Mehriban Ələkbərzadənin tamaşaya qoyduğu "İsgəndərə yeni namə" tamaşası oldu.
Bəli, indi biz Şuşa ilinə qədəm qoymuşuq. Mən inanıram ki, Şuşa ili Azərbaycan mədəniyyətinə sonsuz sayda mövzular verəcək. Yazıçılarımız, şairlərimiz, dramaturqlarımız Şuşanın tarixi, bu günü, gələcəyi haqqında əsərlər yaradacaqlar. Zəfərimizin birinci ildönümü münasibətilə Mədəniyyət nazirliyinin və teatro.az internet platformasının təşkil etdiyi "4.4 kiçik tamaşalar festivalı" göstərdi ki, 44 günlük zəfər müharibəsi və möhtəşəm qələbəmiz gənc teatr kollektivlərini nə qədər məşğul edib. Bir dramaturq və festivalın münsiflər heyətinin üzvü kimi bu məni çox sevindirdi. Dramaturgiyamızda yeni adlar, yeni rejissorlar, aktyorlar gördük. İnanıram ki, çoxunun hələ tanımadığı bu adlar Şuşa ilinə yüksək keyfiyyətli pyeslər, tamaşalar töhvə edəcəklər.
Mənim yaradıcılığıma gəldikdə isə, əlbəttə, Şuşa, ümumiyyətlə, 44 günlük Vətən müharibəsi və möhtəşəm qələbə mövzusu təsirsiz ötüşə bilməz. Zəfər ilinə həsr etdiyim bir pyes artıq yazılıb da, amma mən daha çox gənclərə ümidliyəm. İnanıram ki, nəinki Şuşa ili, ümumiyyətlə, Azərbaycanın bu ən şərəfli dönəmi, qələbə tarixi onlara bitib tükənməyən mövzular verəcək, möhtəşəm qələbəmizə layiq əsərlər meydana gələcək.
Şuşa ilimiz mübarək!".
Xəyalə Rəis