Ən məşhur fransız müğənnilərindən biri və beynəlxalq hitlərə çevrilmiş mahnıların ifaçısı Patrisiya Kaas 1966-cı il dekabrın 5-də anadan olub.
Moderator.az bu gün 55 yaşını qeyd edən dünya şöhrətli ünlü müğənni haqda 7 faktı oxucularına təqdim edir.
1. Alman əsillidir
Patrisiya Kaas Fransa-Almaniya sərhəddindəki Lotaringiyada anadan olub; bu bölgə əsrlər boyu dəfələrlə bir ölkədən digərinə keçib. Gələcək müğənninin atası mədənçi idi və almanca danışırdı; anası Almaniyanın Lotaringiya ilə qonşu əyaləti olan Saaradan idi. Uşaqlıqda Patrisiya valideynləri və qohumları kimi yalnız frank-lotaringiya ləhcəsində danışırdı.
2. Karyerasına alman kabaresində başlayıb
Patrisiya məktəb ilə heç maraqlanmayıb, lakin səhnə onu erkən uşaqlıqdan cəlb edib. İlk dəfə 8 yaşında tamaşaçılar qarşısında çıxış edən qızcığaz bundan sonra mütəmadi olaraq müxtəlif tədbirlərdə iştirak edib. Artıq on üç yaşında Almaniyanın Saarbrüken şəhərindəki “Rumpelkammer” kabare klubuna dəvət alıb və yeddi ili onun səhnəsində çıxış edib.
3. Jerar Depardye ona pulla kömək edib
Əlbəttə, baxmayaraq ki, cəhdləri uzun illər nəticə vermədi, amma o, musiqi sənayesinə daxil olmağa çalışırdı. Həmişə olduğu kimi, bir təsadüf köməyinə gəldi. Patrisiya memar Bernard Şvarts ilə tanış oldu, o da gənc müğənnini bəstəkar Fransua Bernheymu ilə tanış etdi. Həmin illərdə fransız kinosunun ulduzu aktyor Jerar Depardye isə Kaasa sərmayə qoymağa razılıq verdi. Düzdür, ilk sinql “Jalouse” uğursuzluğa düçar oldu, amma müğənninin ətrafına toplaşan komanda düz yolda olduqlarına əmin idi.
4. Onun şöhrəti blyuzla başladı
Patrisiya Kaasın şöhrəti Billi Holideyin “Lady Sings the Blues” mahnısını əks etdirən təvazökar “Mademoiselle chante le blues” – “Madmuazel blyuz oxuyur” mahnısı ilə başladı. 1988-ci ildə Fransa hit-paradlarında 2-ci yerə qalxan eyni adlı debüt albomu işıq üzü gördü və daha iki il sonra Kaas uğurunu “Scène de vie” albomu ilə möhkəmləndirdi. Təbii ki, o, təkcə blyuz ifaçısı deyildi - onun repertuarında daha çox caz, pop və ənənəvi fransız şansonu çoxluq təşkil edirdi.
5. Ceremi Ayrons ilə filmdə rol aldı
Uğurlu müğənnilərin çoxu öz güclərini digər əlaqəli sahələrdə də sınamaqdan çəkinmirlər. Patrisiya Kaas da arada aktrisa kimi özünü sınadı - onun debütü 2001-ci ildə Klod Leluşun “İndi isə, xanımlar və cənablar” filmində baş tutdu. Kaasın ortağı britaniyalı aktyor, Oskar laureatı Ceremi Ayrons idi və film özü isə Kann film festivalında təqdim olundu. Patrisiya Kaas daha sonra 2002-ci ildə “Piano Bar” albomunda filmlə eyni adı daşıyan mahnını buraxdı.
6. Rus qrupu ilə sinql buraxdı
Patrisiya Kaas 1990-cı ildə ikinci albomu “Scène de vie”yə dəstək olaraq Rusiyaya (daha doğrusu, SSRİ-yə) qastrol səfəri çərçivəsində qatıldı. Konsertlərində o, mütəmadi olaraq rus dilində oxuyurdu - məsələn, “Taleyin ironiyası, yaxud həmişə təmizlikdə” filmindən “Qara gözlər” və ya “Xoşuma gəlir ki, mənə xəstə deyilsiz...” romanslarını. 2008-ci ildə Kaas rus rok qrupu “Uma2rman” ilə birlikdə “Zəng etməyəcəksən” mahnısını yazdı.
7. O, Avroviziya mahnı müsabiqəsində iştirak edib
2009-cu ildə Patrisiya Kaas o zaman Moskvada keçirilən Avroviziya mahnı müsabiqəsində Fransanı təmsil edib. Müsabiqənin qaydalarına əsasən, fransız ifaçılar yarımfinalda iştirak etmir, birbaşa finala çıxırlar. Baxmayaraq ki, onun “Et s'il fallait le faire” mahnısı şounun tənqidçiləri və izləyiciləri tərəfindən yaxşı qarşılandı, Kaas o zaman 8-ci yeri tutdu.
Təqdim etdi: Miraslan