Son vaxtlar milli musiqimizin əcnəbi musiqi ilə sintezi halları artmaqdadır.
Milli musiqinin əcnəbi musiqi ilə sintezi nə dərəcədə normaldır? Belə bir sintez zamanı hansı amillərə diqqət etmək, hansı nüansları gözləmək lazımdır?
Moderator.az-a açıqlama verən xalq artisti Akif İslamzadə bu kimi sintezlərin yüksək zövq və elmlə həyata keçrilməsinin vacib olduğunu vurğuladı:
“Qeyd edim ki, bunu bizdə ilk dəfə Üzeyir bəy edib. Ondan sonra gələnlər isə Qara Qarayevdən, Fikrət Əmirovdan tutmuş bunu davam etdiriblər. Lakin qeyd etdiyim kimi, bunun kökü Üzeyir bəydən gəlir. Lakin bu tamam başqa məsələsidr ki, sən onu hansı elmlə, hansı şəkildə, hansı zövqlə edirsən. Musiqidə şivələr mövcuddur, şərq və qərb musiqisi arasında müəyyən fərqlər var, lakin bütövlükdə bu bir yaradıcılıqdır. Onu ayırmaq lazım deyil. Amma bunu gərək yüksək zövq və elmlə edəsən. Bu, Qərbin özü üçün o vaxt maraqlı olar ki, bunu öz ləhcəmizdə, öz şivəmizdə edək. Yoxsa bir də görürsünüz ki, mahnı ifa olunur, söz Azərbaycan sözü olsa da, ləhcə sanki ingilis ləhcəsidir. Bir də görürsən ki, səs də, istedad da var, amma elm yoxdur. Düşünürəm ki, bu məsələ yəqin ki, zamanla öz yoluna düşəcək. Yəqin ki, bu məsələdə də kimsə qabağa düşəcək və başqalarına müsbət mənada nümunə olacaq”.
Seymur ƏLİYEV