Məlum olduğu kimi, müdafiə naziri Zakir Həsənov səhra formalarını yeni hərbi formalarla əvəzləməyə qərar verib. Məlumata görə, bundan sonra səhra formaları Türkiyə istehsalı olan keyfiyyətli parçalardan hazırlanacaq və onların görünüşü də dizayn baxımından daha yüksək tələblərə cavab verəcək.
Şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünü və hərbi təhlükəsizliyini təmin edən hərbçilərin daha keyfiyyətli formalarla təmin edilməsi lazımlı və əhəmiyyətli bir işdir. Xüsusilə də, düşmən hərbçiləri tərəfindən asanlıqla de-şifrə edilməməsi üçün onların rəngi və dizaynının düzgün təşkili böyük əhəmiyyət kəsb edir. Lakin bu da bir həqiqətdir ki, bu gün çoxlu sayda ciddi problemlərin mövcud olduğu Azərbaycan ordusunda həll edilməsi daha vacib olan problemlər var ki, bunlardan da birincisi şəxsiyyət toxunulmazlığı ilə bağlıdır.
Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hər bir şəxs etiraf edər ki, bütün xidmət boyu əsgərləri narazı salan ən başlıca məqam, ən böyük problem onların şəxsiyyətinə lazımi hörmət və ehtiramın göstərilməməsidir. Vətənin və bayrağın müdafiəsində dayanan və bu səbəbdən də ən böyük hörmət və ehtirama layiq görülməli olan əsgərlərin zabitlər tərəfindən alçaldılması, onlara qarşı fiziki və mənəvi zorakılığın tətəbiqi, əsgər həyatı və şərəfinə layiqli qiymətin verilməməsi və s. indiki məqamda aradan qaldırılması vacib olan bir nömrəli problemdir.
Dünya elminin tanınmış nümayəndəsi, hörmətli professor Rafiq Əliyev bir neçə ay bundan öncə “Hürriyyət” qəzetinə verdiyi müsahibədə Qarabağın azad edilməsi yolları ilə bağlı maraqlı fikirlər səsləndirmiş və qeyd etmişdir ki, “sındırılan insanlarla Qarabağı azad etmək mümkün deyil”. Bəli, bu, həqiqətən də belədir. Bugünə qədər hələ heç bir dövlət mənəvi baxımdan şikəst insanlara əsarətdə olan hansısa torpağını azad etməyib. Ümumiyyətlə, vətənin, torpağın, bayrağın azadlığına yalnız azad insan nail ola bilər. Özü mənən azad olmayan bir insan öz torpağının azadlığı uğrunda mübarizə apara bilməz. Əgər apararsa belə, bu mübarizə hökmən onun məğlubiyyətlə nəticələnəcək.
Odur ki, əsgərlərə qarşı hörmətsiz münasibətə son qoymaq, vətənin müdafiəsini qanı və canı bahasına qoruyan hərbçilərə hər şeydən öncə şəxsiyyət kimi hörmət bəsləmək lazımdır. Ona elə bir ehtiram, elə bir şəfqət bəsləmək lazımdır ki, əynində hərbçi mundiri daşıyan hər bir əsgər anlasın ki, o, həqiqətən də ali, müqəddəs bir vəzifənin icrasını həyata keçirir. Əsgərə elə bir sevgi bəsləmək lazımdır ki, bu sevgi onu soyuq səngərdə, bəyaz qar altında belə isidə bilsin. Əsgərə elə bir diqqət göstərmək lazımdır ki, o, bu diqqəti uizun illər sonra da məmnunluqla xatırlasın.
Bu baxımdan Silahlı Qüvvələrdəki mövcud problemlərin həllinə formadan deyil, şəxsiyyət toxunulmazlığından başlamaq daha münasibdir. Çünki önəmli olan formanın rəngi, onun dizayn quruluşu deyil. Önəmli olan hərbi mundirin içindəki insana verilən önəm və bir də o insanın köksündə döyünən qəlbin nələr hiss etməsidir. Hər bir əsgəri əsgər edən, ona məğlubedilməzlik qazandıran daşıdığı forma deyil, ruhdur və nə qədər ki, biz öz əsgərlərimizə bu cür mübariz, əzm və sevgi dolu bir ruh qazandırmamışıq, ordudakı bütün qalan problemləri həlli heç nəyi dəyişməyəcəkdir.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru