Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir.
Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda "Metadon" M-40 həbləri və qurudulmuş marixuananı aprelin 11-də Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Qoca Mikayıl oğlu Orucov saxlanılıb.
Qeyd olunub ki, keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq 700 qram narkotik vasitə olan qurudulmuş marixuana və 3 500 ədəd narkotik tərkibli "Metadon" M-40 həbləri aşkarlanaraq götürülüb.
DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.