12 noyabr tarixində Ermənistana məxsus Mi-24 tipli döyüş təyyarəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsindən sonra rəsmi Yerevanın Bakıya yönəlik təhdidləri artmaqdadır. Ermənistanın təhdid və hədələrinə cavab verən Azərbaycan da istənilən hərbi əməliyyata hazır olduğunu, lazım gələrsə işğaldakı torpaqları müharibə yolu ilə geri qaytaracağını bildirməkdədir.
Bu
arada Türkiyə, Rusiya və Qərbin tanınmış
siyasətçiləri, hökumət təmsilçiləri də II Qarabnağ savaşının hər an başlana biləcəyini
istisna etmir. Türkiyə müdafiə nazirinin “bu bölgədə sabah nə olacağı bəlli
deyil” ifadəsi də xarici dövlətlərin II Qarabağ savaşının başlanmasını kifayət
qədər real hesab etdiklərini göstərir. Maraqlıdır, yeni bir savaşın başlana biləcəyi
ilə bağlı Azərbaycan və kənar dövlətlərin açıqlaması ölkəmizdə fəaliyyət göstərən
və ya fəaliyyət göstərməyə hazırlaşan xarici investorların fəaliyyətinə necə təsir
göstərir? Müharibə bəyanatları onların ölkəmizdən uzaqlaşmasına səbəb ola bilərmi?
Rəsmi Bakı “müharibə” deməklə iqtisadi müstəvidəki durumunu mürəkkəbləşdirmirmi?
Bununla
bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış
iqtisadçı-ekspert İlham Şaban bu bəyanatların xarici investorların fəaliyyətinə
ciddi şəkildə təsir göstərmədiyini vurğuladı. Ekspertin sözlərinə görə, xarici
investorlarının əsas hissəsi neft
sektorunda fəaliyyət göstərir və Azərbaycan hökuməti neft kəmərlərinin təhlükəsizliyini
öz üzərinə götürüb:
“Azərbaycanda
xarici investorlarin 90%-i neft sənayesində cəmləşib. Onlar da PSA müqaviləsi çərçivəsində
fəaliyyət göstərirlər. Yəni hökumətlə risklərin bölüşdürülməsi məsələsi dəqiq
göstərilib: təhlükəsizlik məsələlərini hökumət öz üzərinə götürüb. Müharibənin
olması versiyasına gəldikdə belə bu o demək deyil ki, boru kəmərlərinin təhlukəsizliyinə
xələl yetiriləcək. Boru kəmərləri işləyəcəksə, xarici neft şirkətlərinin Azərbaycandakı
fəaliyyətlərinə nə təşviş ola bilər ki? Onlar məgər Tərtərdə geoloji-kəşfiyyat
işləri ilə məşğuldurlar?”
Seymur
Əliyev