Karantin qaydalarının yumşaldılması istiqamətində atılan addımlar davam edir. Bəs karantin qaydalarının yumşaldılması, iqtsiadi həyatın canlanması bank sektorunun da canlanmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzər mütəxəssis Əkrəm Həsənov, bu sahədə ciddi bir canlanma gözləmədiyini qeyd etdi:
“Prinsipcə məlum yumşalmalardan sonra bank sistemində canlanma olmalıdır. Biz canlanma deyəndə, ilk növbədə əmanətlərin qoyuluşu və kreditləşdirməni nəzərdə tuturuq. Lakin bu məsələlərdə ciddi bir canlanmanın olacağını düşünmürəm. Çünki bu gün əmanətləri banklardan çıxarırlar. Çünki insnaların banklara, əmanətlərin sığortalanmasına etimadları azalır. Son 4 bankın bağlanması fonunda meydana çıxan problemlər də buna nümunədir.
Bu gün banklara əmanət qoymaq istəyənlər azdır. Digər tərəfdən də xarici valyutada əmanət faizi aşağıdır, hardasa 1%-dir. İnsanlaırn çoxu isə milli valyutada əmanət qoymaq istəmir. Çünki devalvasiyadan qorxurlar. Buna görə əmanət qoyan azdır.
Kreditləşdirməyə gəldikdə isə, vətəndaşların və sahibkarların problemli kreditləri onsuz da artır. Onlar karantin dönəmində lazımi səviyyədə ödənişlər edə bilmirdilər və inanmıram ki, indi də etsinlər. Görünən odur ki, bankların problemli kreditləri artacaq. Banklar tərəfindən yeni kreditlərin verilməsi də çətin məsələdir. Çünki sahibkarların gəlirləri azalıb, sahibkarlar aktiv deyillər. Yalnız bizdə deyil, bütün dünyada faktiki vəziyyət belədir. Bu baxımdan bank sektorunda ciddi bri canlanma gözlənilmir”.
Seymur ƏLİYEV